Layihə aztəminatlı ailələrdən olan yaradıcı qabiliyyətli uşaqların dəstəklənməsinə yönəlib
İçərişəhərin “Art Garden” sərgi salonunda “YARAT” Müasir İncəsənət Məkanı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “BacarArt” layihəsi çərçivəsində geniş miqyasda xeyriyyə satış-sərgisi keçirilib.
Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, artıq iki ildir davamlı olaraq həyata keçirilən bu layihə aztəminatlı ailələrdən olan yaradıcı qabiliyyətli uşaqların dəstəklənməsinə yönəlib.
Layihənin əsas məqsədi Azərbaycanın müxtəlif regionlarından olan istedadlı uşaqların yaradıcı potensiallarının inkişafına təkan verməkdir: “Ən əsası odur ki, bu uşaqlar yaradıcılıqla məşğul olublar, asudə vaxtlarını maraqlı işlərə həsr ediblər. Mən “YARAT” təşkilatının rəhbəri Aida Mahmudovaya minnətdarlığımı bildirirəm. İnanıram ki, bu layihə davamlı olacaq. Gələcəkdə daha çox uşaq layihəyə cəlb ediləcək”.
Tədbirdə “BacarArt” layihəsi haqqında videoçarx nümayiş etdirilib, iştirakçılara hədiyyələr təqdim olunub. Mərasim bədii proqramla davam edib.
Xatırladaq ki, 2014-cü ildə layihədə rəssamlardan Ramal Kazımov, Vüsal Rəhim, Sitarə İbrahimova və Reza Hazare iştirak ediblər. Onların rəhbərliyi ilə “BacarArt”ın gənc iştirakçıları kompozisiya, rəsm, kollaj və fotoqrafiyanın əsaslarını mənimsəyiblər.
2014-cü ildə layihə Azərbaycanın 11 regionunu - Bakının Şüvəlan qəsəbəsi, Göygöl, Sabirabad, İsmayıllı, Zərdab, Hacıqabul, Zaqatala, Saatlı, Qəbələ, Goranboy və Ağdam rayonlarını əhatə edib. Şəkidəki “Marxal” kurort kompleksində iştirakçılar üçün yay məktəbi təşkil edilib. Onlar Şəki xanlarının sarayını, “Gələrsən-görərsən” qalasını, Kiş məbədini və digər memarlıq abidələrini ziyarət ediblər. Səfalı mənzərələr, şəhər təlaşından təcridolunma və sərbəstlik şəraiti hər bir uşağın potensialını maksimal şəkildə aşkar etməyə kömək olub.
Layihə nəticəsində 150-dən çox rəsm və 80-dən artıq fotoşəkil çəkilib. Final mərhələsi üçün yalnız ən yaxşı 19 fotoşəkil və 41 rəsm seçilib.
Satış-sərgidən əldə olunan bütün vəsait 30 finalçının ailələrinə paylanacaq və onların istedadlarının sonrakı inkişafına yönəldiləcək. Layihə iştirakçıları satış-sərgidən əvvəl Bakıda Heydər Əliyev Mərkəzini və şəhərin tarixi yerlərini ziyarət ediblər.