Dekabrın 17-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Reanimasiya” adlı sərgi açılacaq. Layihə Əməkdar incəsənət xadimi, müstəqil kurator Səbinə Şıxlinskayanın “YARAT” Müasir İncəsənət Məkanının təşəbbüsü ilə keçirdiyi “Kuratorluq təcrübələri. Sərgi layihəsinin yaradılması” mövzusunda ustad dərslərinin nəticəsidir.
“Reanimasiya” Teatr Muzeyinin ənənəvi və adi ekspozisiyasına muzeyin arxiv materialları əsasında öz art-layihələrini yaratmış gənc rəssamların gözləri ilə baxmağı təklif edir. Layihədə altı rəssam - Səbinə Mirzəyeva, Elşən İbrahimov, Rüfət Əliyev, Anar Şəmsiyev, Vəfa Asadi və Könül Rəfiyeva iştirak edir. Dekabrın 27-dək davam edəcək sərgiyə giriş sərbəstdir.