Tanınmış gənc rəssam Məryəm Ələkbərlinin rəsmlərindən ibarət 2015-ci il üçün divar təqvimi nəşr olunub. Nəfis tərtibatla Azərbaycan və ingilis dillərində çapdan çıxan təqvimin ilk səhifəsi istedadlı rəssam Məryəm Ələkbərlinin yaradıcılığı haqqında məlumatla başlanır.
Bildirilir ki, 1991-ci ildə Bakıda anadan olan Məryəm Ələkbərli erkən yaşlarından incəsənətlə məşğul olmağa başlayıb. Onun Bakı, Berlin, Paris, Moskva, İstanbul, Ankara, Roma, Riqa və başqa şəhərlərdə fərdi sərgisi keçirilib. Hazırda Parisdə təhsil alan rəssamın yaradıcılığı “Mənim gözəl dünyam”, “Prelude pour le printemps”, “Four seasons”, “Dance of colors”, “Land of fire” və digər kitablarında əksini tapıb.
Təqvimin səhifələrində Məryəm Ələkbərlinin “Zamanın dörd rəngi”, “Azərbaycan rəqsləri”, “Azərbaycan muğamı” seriyalarından əsərləri, “Qış səhləb çiçəkləri”, “Lalələr” rəsmlərindən fraqmentlər və digər əsərləri haqqında məlumat yer alıb.