Tahir Salahovun əsəri əsasında hazırlanmış xalçanın təqdimatı keçirilib

Dekabrın 24-də “Azər-İlmə” MMC-də görkəmli sənətkar, Xalq rəssamı Tahir Salahovun əsəri əsasında hazırlanmış “Qırmızı təkər” xalçasının təqdimatı keçirilib. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, mədəniyyət xadimləri, sənətşünaslar iştirak ediblər.

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun məşhur rus yazıçısı, Nobel mükafatı laureatı Aleksandr Soljenitsının portreti əsasında toxunmuş xalça istedadlı rəssam Aynurə Əsədullayeva tərəfindən “Azər-İlmə” MMC-də hazırlanıb. Əsərin adı A.Soljenitsının eyniadlı roman-epopeyasından götürülüb.
Aynurə Əsədullayevanın sözlərinə görə, xalça yeddi aya ərsəyə gəlib. Ölçüsü 2,24x3,1 metr olan xalçada əsasən qəhvəyi və qırmızı rənglərin müxtəlif çalarlarından və keyfiyyətli iplərdən istifadə edilib.
On beş ilə yaxındır ki, əsərlərini xalça üzərinə köçürən Tahir Salahov bu işin onun yaradıcılığına yeni impuls və istiqamət verdiyini deyib. Bildirib ki, təqdimatı keçirilən əsər o dövrün rəmzlərinə uyğun olaraq ulduzlar, oraq və çəkiclə əhatə olunub. A.Soljenitsının həbsxanada yazdığı qeyd dəftərləri, təltif olunduğu Nobel mükafatının emblemi də xalçada öz əksini tapıb. Qara təsvirlə verilmiş ulduzlar isə repressiya dövründə söndürülmüş insan talelərinə işarədir.
Qeyd edək ki, görkəmli fırça ustasının bundan əvvəl A.Soljenitsının Rusiyaya qayıtmasına həsr edilən digər bir əsəri də xalça üzərinə köçürülüb.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin jurnalistlərə müsahibəsində Tahir Salahovun böyük portretlər qalereyası, o cümlədən Azərbaycanın, Rusiyanın və dünya miqyasında tanınmış digər xadimlərin portretlərini yaratdığını qeyd edib. Bildirib ki, sənətkarın yaratdığı hər portretin öz yeri var. A.Soljenitsının portretini isə T.Salahov yaradıcılığının kamillik zirvəsində işləyib: “Aleksandr Soljenitsının Rusiya üçün böyük mənası var. Bu təqdimatda iştirak etmək mənin üçün böyük əhəmiyyət daşıyır. Çox şadam ki, Tahir Salahov kimi rəssamlar var”.
Qeyd edək ki, indiyədək Tahir Salahovun “Heydər Əliyev”, “Dmitri Şostakoviç”, “Mstislav Rostropoviç”, “Salvador Dalinin yaradıcılıq dünyası”, “Qara Qarayev”, “Mirzə Ələkbər Sabir”, “Rəsul Rza” və digər əsərləri uğurla xalça üzərinə köçürülüb. Bu, Azərbaycan incəsənətində parlaq bir sintez, ənənə ilə müasirliyin vəhdətidir.