Mədəniyyət və incəsənətin inkişafında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin rolu olduqca böyükdür. 2014-cü il bu sahə bir sıra yeniliklər, gənc istedadlarımızın nailiyyətləri ilə yadda qalıb.
Respublikanın uşaq musiqi və incəsənət məktəbləri əsasən 5 və 7 illik təhsil sistemi ilə fəaliyyət göstərirlər. Bununla yanaşı, son illər böyüməkdə olan nəslin incəsənət sahəsində yüksək səviyyəli orta təhsilə yiyələnmək tələbatı nəzərə alınaraq böyük pedaqoji iş təcrübəsinə və zəruri maddi-texniki bazaya malik bir neçə uşaq məktəb onbirillik təhsil sisteminə keçirilib. Hazırda respublika üzrə 16 musiqi və incəsənət məktəbi (15 məktəb Bakıda, 1 məktəb Mingəçevirdə) 11 illik təhsil sistemi üzrə fəaliyyət göstərir.
Uşaq musiqi və incəsənət məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri, yeni məktəb binalarının inşası davam etdirilir. İl ərzində paytaxtdakı M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin binası əsaslı təmir və yenidənqurmadan sonra açılıb, C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin yeni binası istifadəyə verilib. Hər iki məktəb müasir avadanlıq və musiqi alətləri ilə təchiz edilib. Həmçinin nazirlik tərəfindən 15 adda 62 ədəd musiqi aləti alınaraq respublikanın uşaq musiqi və incəsənət məktəblərinə verilib.
Bu il aprel-may aylarında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi, iyunda uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına II respublika muğam festivalı, dekabrda Bülbül adına milli musiqi alətləri ifaçıları və xanəndələrin II respublika müsabiqəsi keçirilib. Təhsil müəssisələrinin şagirdləri müxtəlif beynəlxalq müsabiqələrdə uğurlu nəticələrə imza atıblar. İstedadlı gənclərin dəstəklənməsi və müvafiq sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində işin davamı olaraq bu il də istedadlı gənclərin xarici ölkələrdə təhsil almasına nazirlik dəstək göstərib.
Tədrisin keyfiyyəti daim diqqət mərkəzindədir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində müəllimlərin bilik və səriştəsinin test üsulu ilə sınaq qiymətləndirilməsi aparılıb. İlkin olaraq paytaxtın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan 2700 müəllim sınaq qiymətləndirilməsində iştirak edib. 2015-ci ildə respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tədris ocaqlarında işləyən müəllimlərin biliklərinin qiymətləndirilməsi planlaşdırılır. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin pedaqoji kadr təminatının vəziyyətinin təhlili, təlim-tərbiyə işinin təşkilinin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparılıb, bir sıra tədris müəssisələrinə yeni direktorlar təyin edilib.