Rəşad Nuriyevin fərdi sərgisi açılacaq
Yanvarın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Azərbaycan qadını” jurnalının xüsusi layihəsi əsasında Rəşad Nuriyevin “Qadın. Zaman. Məkan” adlı fərdi sərgisinin açılış mərasimi keçiriləcək.
Rəşad Nuriyevin yaradıcılığı kifayət qədər əhatəli və rəngarəngdir. Demək olar bütün janrlarda əsərlər yaradan rəssamın əsas mövzusu və baş qəhrəmanı qadındır. Onlar bir tərəfdən çox cazibədardırlar, digər tərəfdən isə qeyri-adi olub real həyatdan çox uzaqdırlar. Əlbəttə, belə gözəl məxluqlara küçədə, iş yerində, kafedə, yaxud çimərlikdə rast gəlmək olmaz. Bu qadınların hər biri müxtəlif mənaları çatdıran rəmzlərdir, simvollardır. Bununla belə, həmin simvollar eyni zamanda gerçək həyatın izlərini daşıyır.
“Qadın. Zaman. Məkan” sərgisi yanvarın 17-dək davam edəcək.