Əməkdar rəssam Müseyib Əmirovun fərdi sərgisi
Yanvarın 16-da Müasir İncəsənət Muzeyində Əməkdar rəssam Müseyib Əmirovun “Bax” adlı incəsənət layihəsi çərçivəsində fərdi sərgisi açılacaq.
Muzeydən bildirilib ki, rəssam Müseyib Əmirovun “Həyatın gözünün içinə bax!” vizual çağırışı onun yaradıcılığının yeni mərhələsində yaranmış və dünyada baş verən distruktiv proseslərə münasibətdə hökm sürən laqeydliyə qarşı tənqidi baxışdır. Sənətkarın şüur altından qopan, hissə-hissə, özünəməxsus ifadələrlə üzə çıxan əsərləri yaxınlaşmaqda olan total texniki hökmranlığa qarşı etirazın təcəssümüdür.
Rəssam tablolarında müasir dövrün düşüncə tərzini qrotesk formasında, stilizə edilmiş obrazlar şəklində sənədləşdirir.
Təsvir edilən insanlar onlara qərib olan cəmiyyətdən qurtulmağa can atırlar. İnsanları getdikcə kölgədə qoyan sənayenin və yüksək texnologiyaların yaradıcıları da elə onların özləridir. Deməli, yaradıcı insan öz əməyinin bəhrəsindən asılı vəziyyətə düşür. Texniki nailiyyətlər insan zəkasına üstün gələrək, onu təbii formatdan kənara çıxardır və süni şəkildə hazırlanmış beton, şüşə, metal məkana doğru itələyir. Texniki tərəqqi ilə yanaşı mənəvi tənəzzül baş verir və nəticədə insan genlərində mövcud olan harmoniya disbalansa uğrayır.
Müseyib Əmirov 1963-cü ildə Bakıda, məşhur rəssam Arif Əmirovun ailəsində dünyaya göz açıb. Rəssamlıq Texnikumunda, Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb, Dövlət Rəssamlıq Akademiyasında dərs deyib. Müstəqil rəssam kimi fəaliyyət göstərir, əsərləri ABŞ, Fransa, Almaniya və Litvada nümayiş etdirilib. Müasir İncəsənət Muzeyində sərgi fevralın 10-dək davam edəcək.