Ölkəmizin Belçikadakı səfirliyinin dəstəyi ilə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən Vaterloo şəhərində gənc azərbaycanlı rəssamların sayca üçüncü sərgisi açılıb. Fevralın 21-dək davam edəcək sərgidə 23 rəssam və bir heykəltəraşın 105 əsəri nümayiş olunur.
Açılış mərasimində çıxış edən səfir Fuad İsgəndərov Azərbaycanın rəssamlıq sənətinə ölkəmizdə daim yüksək qiymət verildiyini və bu irsin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Diplomat bu kimi sərgilərin Azərbaycan rəssamlıq məktəbi ənənələrinin dünyada tanıdılmasına töhfə verdiyini qeyd edib.
Vaterloo şəhər burqomistri Serge Kubla azərbaycanlı gənc rəssamların sərgisinə ev sahibliyi etməkdən məmnun olduqlarını bildirib. O, Azərbaycan səfirliyinin təşəbbüsü ilə yaxın zamanlarda Vaterloo şəhər parkında böyük şairə Xurşudbanu Natəvanın bürüncdən heykəlinin qoyulacağını da elan edib.
Mərasimdə Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Avropa İttifaqının müxtəlif qurumlarının əməkdaşları və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.