Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə mart ayında qurumun şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri, uşaq musiqi və incəsənət məktəbləri şagirdləri arasında rəsm və əl işlərindən ibarət “Bizim olimpiada” adlı festival keçiriləcək.
İdarədən bildirilib ki, festivalın məqsədi “Bakı-2015” I Avropa Oyunları ilə əlaqədar istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onların milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, təsviri və tətbiqi-dekorativ sənətin inkişaf etdirilməsidir. Festivalda 7-16 yaş qrupu üzrə şagirdlər iştirak edəcəklər.
Festivala istənilən texniki üsulda (yağlı boya, quaş, akvarel, pastel, karandaş və s.) çəkilmiş rəsmlər və materialdan hazırlanmış əl işləri qəbul olunur. Rəsmlər kağız, kətan və digər materiallar üzərində olmalıdır. Qalibləri mədəniyyət və incəsənət xadimlərindən, peşəkar rəssamlardan ibarət münsiflər heyəti müəyyən edəcək. 10 nəfər rəsm işləri üzrə, 5 nəfər isə əl işləri üzrə diplom və mükafatlarla təltif ediləcəklər.