Aprelin 1-də “Qalereya 1969” salonunda xeyriyyə sərgisi açılıb. Sərgidə serebral iflicdən əziyyət çəkən 22 yaşlı Ağasəlim Abdullayevin rəsmləri nümayiş olunur. Daha çox rəngkarlıq üslubunda işlənmiş əsərlər gənc rəssamın gözü ilə dünyaya yeni bir baxışı əks etdirir.
Tədbirdə çıxış edən “Da-ART” Təsviri İncəsənət Mərkəzinin rəhbəri, Əməkdar mədəniyyət işçisi, rəssamın müəllimi Dilarə Atakişiyeva bildirib ki, müəllifin ad gününə təsadüf edən sərgi onun yeni uğurudur. Bu əsərlər vasitəsilə A.Abdullayev bir daha göstərir ki, onun dünyası al-əlvan, cazibədar, baxışları isə mehribandır. Bu sərginin fərqli cəhəti də odur ki, əldə olunan gəlir müəllifin istəyi ilə uşaq evlərinə veriləcək.
“Hər bir əsər böyük bir sevgidən yaranır və insan qəlbinin bir parçasıdır”, - deyən Xalq rəssamı Arif Hüseynov vurğulayıb ki, belə əsərlər evlərə işıq gətirməlidir. Çünki rəssamın göz nuru, dünya rəngləri bu əsərlərdə əksini tapır. Xalq rəssamı D.Atakişiyevanı təbrik edərək bildirib ki, onun zəhməti hədər getməyib.
Sərgidə iştirak edən sənətsevərlər Ağasəlim Abdullayevi təbrik edərək ona işlərində uğurlar arzulayıblar.