Mayın 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xızı rayonundakı Heydər Əliyev Mərkəzində tanınmış rəssam, Əməkdar incəsənət xadimi Kamal Əhmədin əsərlərindən ibarət sərginin açılışı keçirildi.

Sərgi nazirliyin bölgələrdə milli təsviri sənətin təbliği, əhalinin bədii-estetik zövqünün yüksəldilməsi məqsədilə həyata keçirdiyi yeni layihə əsasında təşkil edilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xızı rayonunda vətəndaşlarla görüşdən sonra sərginin açılışında iştirak etdi.
Mərasimdə çıxış edən nazir yeni layihənin əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, layihə çərçivəsində müxtəlif şəhər və rayonlarda yerləşən Heydər Əliyev mərkəzlərində, muzey və sərgi salonlarında Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik əsərlərinin təqdimatı keçiriləcək: “Azərbaycan Dövlət Rəsm Qalereyasında 15 mindən artıq əsər mühafizə olunur. İlk dəfə Xızı rayonunda bu layihənin icrasına başlayırıq. Bu layihə davamlı olaraq digər rayonlarımızda da həyata keçiriləcək. Sərgidə Abşeron rəssamlıq məktəbinin nümayəndəsi Kamal Əhmədin əsərləri nümayiş olunur. İnanıram ki, bu əsərlər sərgidə iştirak edən gənc nəslin nümayəndələrində rəssamlığa, incəsənətə böyük həvəs oyadacaq”.
Qeyd edildi ki, nümayiş olunan rəsm əsərləri dünyanın müxtəlif sərgilərində böyük qiymətə layiq görülüb: “Belə əsərlər Azərbaycanın sərvətidir. Biz bu sərvəti həm qorumalı, həm də təbliğ etməliyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mədəniyyəti, o cümlədən rəssamlarımızın əsərləri dünyanın müxtəlif ölkələrində nümayiş olunur. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın xüsusi xidmətləri var”.
Əbülfəs Qarayev vurğuladı ki, bu gün təkcə paytaxtımızda deyil, bölgələrimizdə də belə incəsənət tədbirlərinin keçirilməsi üçün müasir tələblərə cavab verən muzeylər, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bildirildi ki, Xızı Azərbaycan ədəbiyyatına Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Nəbi Xəzri, Cabir Novruz kimi ədiblər bəxş etmiş bölgəmizdir. Rayonda turizmin inkişafı üçün də böyük potensial var.
Sonra əsərlərə baxış keçirildi. Sərgidə Əməkdar incəsənət xadimi Kamal Əhmədin yağlı boya ilə çəkilmiş “Leyli və Məcnun”, “Goradildə kanal”, “Goradil kəndi”, “Abşeronda bahar”, “Abşeronda Novruz bayramı”, “Goradil” və “Kompozisiya” adlı rəsmləri yer alıb.

Fariz