Belçika Senatında azərbaycanlı qaçqın və köçkünlərin fotoşəkillərindən ibarət sərgi

20 iyun - Dünya Qaçqınlar Günü münasibətilə Brüsseldə, Belçika Senatının binasında azərbaycanlı qaçqın və məcburi köçkünlərin fotoşəkillərindən ibarət sərgi keçirilib.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Belçika nümayəndəliyi tərəfindən iyunun 16-da təşkil edilən sərgi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində bir milyondan artıq insanın doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bir daha Avropa ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
TEAS-ın Belçika nümayəndəliyinin rəhbəri Mark Vervilghen deyib: “Bu sərginin məqsədi həmin şəkillərdə göstərilənlərin qaçqın və məcburi köçkünlərə çevrilməsinə cavabdeh olan şəxsləri vurğulamaq deyil. Bu şəkillərə baxarkən biz onların vəziyyətini, çəkdikləri əzabı, məhdud imkanları və bədbəxtliklərini təsəvvür etməliyik”. O, I Dünya müharibəsi zamanı Niderlanda qaçmış bir milyon belçikalının çəkdiyi əzablardan bəhs edərək paralellər aparıb.
Fotoşəkillərin müəllifi, tanınmış alman fotoqrafı Filip Ratmer isə bildirib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dünyanın unudulmuş münaqişələrindən biridir. Bu müharibə zamanı Ermənistan hərbi qüvvələri Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib və azərbaycanlı əhalini həmin torpaqlardan qovub. 23 üç il sonra bu münaqişə artıq uzaqda qalıb. Amma müharibə qurbanları üçün heç də unudulmuş hadisə deyil. Qaçqın və məcburi köçkünlər onun nəticələrindən bu günə qədər əziyyət çəkirlər”.
Fotoqraf 2012-ci ilin iyul ayında bir həftə ərzində məcburi köçkünlərin məskunlaşdığı Ağcabədinin Taxtakörpü və Ağdamın Quzanlı qəsəbələrində, Bakının Dərnəgül və Pirşağı qəsəbələrində olduğunu, bu insanların simalarını yaxından çəkərək onların əzablarını göstərməyə çalışdığını vurğulayıb. Hər obyekt eyni formada - qara fonda və birbaşa günəş işığı düşməyən yerdə çəkilib: “Mən hər şəxsin adını, yaşını, məşğuliyyətini, yaşadığı düşərgənin adını və məcburi köçkün düşdükləri şəhərin adını qeyd etmişəm. Bəziləri bunu çox səmimi şəkildə edirdi, bəziləri isə çox da istəməyərək, könülsüz... Bu şəkillər münaqişənin bir tərəfini göstərir - qaçmağa və evlərini tərk etməyə məcbur olan tərəfi. Onların hamısının bir arzusu var idi - onlar işğal olunmuş rayonlara gedən beş yoldan birini seçib geri qayıtmaq istəyirlər: “Evə geri aparan beş yol”dan birini...”
Qeyd edək ki, alman fotoqrafın “Evə geri aparan beş yol” adlı sərgisi indiyədək Berlin, Paris və İstanbulda geniş auditoriya qarşısında nümayiş olunub.