Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) nəzdində fəaliyyət göstərən “Sarvan” folklor ansamblı Türkiyənin Dənizli şəhərində keçirilən 15-ci rəqs festivalında iştirak edib.
AMM-dən bildiriblər ki, ansambl bir həftə davam edən festivalda gürcü və Azərbaycan xalq rəqslərini və digər mədəniyyət nümunələrini nümayiş etdirib. Dənizli şəhər bələdiyyəsinin təşkil etdiyi festivala 11 ölkədən 380-dək iştirakçı qatılıb.
“Sarvan” ansamblının çıxışları, xüsusən də aşıq mahnıları, Azərbaycan və gürcü xalq rəqsləri yerli əhali və xarici təmsilçilər tərəfindən alqışlar və böyük maraqla qarşılanıb. Ansamblın üzvlərinə mükafatlar təqdim olunub.
Festivalın sonunda təşkilat komitəsi ən yaxşı iştirakçıları seçərək ənənəvi “Zeybək” rəqsini ifa etmək üçün səhnəyə dəvət edib. Onların sırasında “Sarvan” ansamblının üzvləri də olub.
Qeyd edək ki, 9 ildir fəaliyyət göstərən “Sarvan” folklor ansamblının nəzdində aşıqlar, gürcü və Azərbaycan rəqs qrupları, mahnı və musiqi bölmələri fəaliyyət göstərir. Ansambl bir çox beynəlxalq və ölkə daxili müsabiqələrdə iştirak edib, mükafatlara layiq görülüb.