Xəbər verdiyimiz kimi, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə gerçəkləşən “Odlar yurdunun min bir rəngi” adlı layihə çərçivəsində Lüksemburqda azərbaycanlı qadın rəssamların sərgisini keçirib. Sərgi Lüksemburqdakı “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının zalında təşkil olunub.
İyunun 27-də Azərbaycan Dillər Universitetinin informasiya resurs kompleksində layihənin yekunlarına həsr edilmiş təqdimat mərasimi oldu. İctimai Birliyin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva layihənin məqsədləri barədə məlumat verdi. Bildirdi ki, iyunun 15-dən 20-dək Lüksemburqda keçirilən sərginin əsas məqsədi zəngin mədəniyyətə və tarixə malik Azərbaycanın Avropada tanıdılması idi: “Sərginin I Avropa Oyunları zamanı keçirilməsinin xüsusi əhəmiyyəti var, bu mötəbər tədbirə həsr olunmuş rəsmlər də təqdim edildi. Nümayiş olunan əsərlər içərisində Qarabağ mövzusuna da xüsusi yer verilmişdi”.
Şəhla Nağıyeva sərgi zalında Lüksemburqdakı “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən Heydər Əliyev Fondunun müxtəlif dillərdə hazırladığı nəşrlərin də nümayiş olunduğunu diqqətə çatdırdı: “Qonaqlar rəsm əsərləri ilə yanaşı, bu kitablarla da yaxından tanış olur, suallar verirdilər. Həmin nəşrlər arasında Azərbaycanın, Qarabağın tarixi və mədəniyyəti haqqında, Xocalı faciəsi barədə xeyli kitab vardı”.
Layihə rəhbəri sərginin təşkilinə “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyası ilə bərabər Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin dəstək verdiyini vurğuladı.
Təqdimat mərasimində gənc rəssam Şəhla Qəhrəmanlı da çıxış edərək təəssüratlarını bölüşdü, təşkilatçılara təşəkkürünü bildirdi. Bu cür mədəniyyət tədbirlərinə yaxından dəstək verən Azərbaycan dövlətinə minnətdarlığını ifadə etdi.
Sonda sərgidən bəhs edən “Odlar yurdunun rəngləri Lüksemburqda” adlı sənədli film nümayiş olundu. Qeyd edək ki, sərgidə gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş olunub.

Fariz