1898-ci ilin 2 avqustundan başlanan yol
   
   Sovet dövründə Azərbaycan kinosunun tarixi 1916-cı ilin 14 mayından - Hacı Zeynalabdin Tağıyevin pasajında (indiki Bakı universal mağazası) nümayiş etdirilən «Neft və milyonlar səltənətində» adlı bədii filmdən hesablanırdı. Maraqlıdır ki, kinonun izi-tozu olmayan bir ölkədə birdən-birə tammetrajlı bədii film yaranmışdı. Çox sonralar kinoşünas Aydın Kazımzadə buna aydınlıq gətirdi.
   
   Fotoqraf Mişon və Bakıda neft yanğınları
   
   20 ildən artıq Bakıda yaşayıb işləyən, ilk illərdə kinosüjetlər çəkən fotoqraf Aleksandr Mixayloviç Mişonun niyyəti heç də Azərbaycanda kino sənətinin əsasını qoymaq deyildi. Əgər belə olsaydı , onda Mişonun imzasına 1898-ci ildən sonrakı dövrlərdə də rast gələrdik. Sadəcə Mişon fotoqrafiya ilə məşğul olduğuna görə, bu süjetləri çəkib Bakıda nümayiş etdirib və Fransaya aparmışdı. Həmin kinosüjetlərin ikisi («Bibiheybətdə neft fontanı yanğını» və «Balaxanıda neft yanğını») 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransa kinoarxivindən Azərbaycana qaytarılıb. Kinomuzun tarixi isə 1898-ci ildə çəkilmiş iki kinosüjetlə başlanıb: «İlişdin» və «Qafqaz rəqsi». Bu süjetlərin operator və müəllifi A. Mişondur. 2 avqust 1898-ci il tarixdə «İlişdin» kinosüjeti ilə Azərbaycanda kinematoqafiyanın əsası qoyulub, amma həmin tarixdən 1915-ci ilə qədər bu sahədə boşluq yaranıb. Bunun əsas səbəbi yerli kadrların yoxluğu və o vaxt kinematoqrafiyaya marağın olmaması idi.
   
   «Neft və milyonlar səltənətində»
   
   1915-ci ildə çəkilən və bir il sonra ekranlara buraxılan «Arvad», «Neft və milyonlar səltənətində» və «Yeni tərzdə köhnə əhvalat» kimi ilk tammetrajlı bədii filmlərimizin də rejissorları və operatorları əcnəbilər idi. Hər üç filmin rejissorluğu Boris Svetlov və Qriqori Lemberqə məxsusdur. Dörd il (1915-1918) bu «kinematoqraf cütlüyü» Azərbaycanda kino işi ilə məşğul olur. Sonra onlar da Bakını tərk edirlər.
   
   Sovet Azərbaycanının ilk filmi - «Bayquş»
   
   Azərbaycanın sovetləşməsindən sonra Rusiyadan Bakıya kinematoqrafçılar ezam olunur. 1924-cü ildə sovet Azərbaycanının ilk filmi - «Bayquş» çəkilir. Filmin rejissoru Georgi Kravçenko, operatoru V. Lemke idi. Həmin ildə operator Lemke rejissor Vladimir Ballyuzeklə «Qız qalası» filmini çəkirlər. Bundan sonra səhnəyə rejissor Aleksandr Litvinov çıxır və iki il ərzində (1924-1926) üç film təhvil verir. Litvinov həm də ilk Azərbaycan detektiv filmi olan «Əvəz-əvəzə»ni (1925) çəkir.
   
   İlk milli kinorejissor Abbas Mirzə Şərifzadə «Bismillah»la başlayır
   
   Nəhayət, 1925-ci ildən titrlərdə azərbaycanlı adlar oxumaq mümkün olur. «Azdövlətkinosənaye»nin istehsal etdiyi «Bismillah» filminə Abbas Mirzə Şərifzadə quruluş verir. A.M. Şərifzadə səssiz filmlərimizin ilk milli kinorejissorudur. Ekran əsəri 1926-cu il aprelin 24-də Moskvada da nümayiş olunub. Ardınca «Balıqçılar»a Rza Təhmasib rejissorluq edir. 1935-ci ilədək Azərbaycanda «Muraşko» ləqəbli Leo Mur («Gilan qızı», 1928), Boris Medvedev («İlk komsomol buruğu»,1930), Beybolat Askarov («Qızıl kol», 1930), A. Makovski («Nikita İvanoviç və sosializm», 1931), İqor Savçenko («Əlsiz adamlar», 1932), Nikolay Şengelaya («26 komissar», 1932), Aleksandr Popov («Rəqs edən bağlar», 1935) və Viktor Turin kimi rejissorlar çalışıb. Ölkəmizə «ezam» olunan bu rejissorların əsas vəzifəsi Azərbaycan kinosunda sosializmi tərənnüm etmək idi.
   
   «Mavi dənizin sahilində» - ilk səsli Azərbaycan filmi
   
   İlk azərbaycanlı kinodramaturq Cəfər Cabbarlının «Hacı Qara» ssenarisini A.M.Şərifzadə 1928-ci ildə ekranlaşdırır. 1932-ci ildə «Direktiv Bant» filminin əsas kollektivini mili kinematoqrafçılar təşkil edir: rejissor Ağarza Quliyev, operatorlar Əsgər İsmayılov və Mirzə Mustafayev. İki il sonra çəkilən «İsmət» filminin rejissoru və ssenari müəllifi Mikayıl Mikayılov idi. 1935-ci ildə isə Azərbaycanda ilk səsli film çəkilir. «Mavi dənizin sahilində» adlanan filmin rejissoru Boris Barnet, operatoru Mixail Kirillovdur. Onu da xatırladaq ki, 1930-cu ildə çəkilən «Qızıl kol» (rejissor Beybolat Askarov) filmində ilk azərbaycanlı qadın kinorejissoru Qəmər Salamzadə rejissor köməkçisi kimi işləyib.
   
   Səməd Mərdanov - Azərbaycanın ilk ali kino təhsilli rejissoru
   
   1939-cu ildə ekranlara «Kəndlilər» filmi çıxır. Bu ilk ali kino təhsilli kinorejissorumuz Səməd Mərdanovun filmi idi. «Kəndlilər» həmin dövrdə Moskvanın peşəkar rejissorlarının filmləri ilə bir sırada dayanırdı. Azərbaycan kino tarixinin ilkin dövrü haqqında qısa icmala yekun olaraq qeyd edə bilərik ki, bu mərhələdə milli kinematoqrafiyamız daha çox formalaşma mərhələsində olub. Yaradıcılıq baxımından isə kinomuz həmin vaxtlarda dünya kinematoqrafiyasında gedən proseslərdən kənarda idi. Bu tendensiyanın 60-cı illərə qədər davam etdiyini söyləmək mümkündür.
   
   «Sən, niyə susursan?» - həqiqətən susmaq olmazdı
   
   Azərbaycan kinosu 60-cı illərdə yeni mərhələyə qədəm qoydu. Rejissor Həsən Seyidbəylinin hadisəni bir tamaşaçı kimi izləməsi «Sən niyə susursan?» (1966) filminə uğur gətirdi. 60-cılar bu filmdən sonra kinematoqrafiyamızdakı susqunluğa son qoydular. Düzdür, buna qədər Azərbaycan kinosunu az-çox dünyada «Arşın mal alan» (rejissor Nikolay Leşşenko, Rza Təhmasib, 1945) və «O olmasın, bu olsun» (rejissor Hüseyn Seyidzadə, 1956) filmləri ilə tanıyırdılar. Bu filmlərin uğuru isə ən çox musiqisində və aktyor ansamblında idi.
   Beləliklə, 60-70-ci-illərdə Rüstəm İbrahimbəyovun ssenariləri Azərbaycan filmlərinin mövzularında dönüş yaradır. 1969-cu ildə onun «Bir cənub şəhərində» ssenarisi əsasında çəkilən film rejissor Eldar Quliyevin ilk işi olur. Film Bakının İçərişəhər sakinlərinin özünəməxsus yaşayış tərzini göstərirdi. R.İbrahimbəyovun «İstintaq» ssenarisini rejissor Rasim Ocaqov çəkir. Film Bakı fabriklərin birində baş verən korrupsiyadan söz açır. Daha sonra rejissor Rasim Ocaqov R.İbrahimbəyovun ssenarisi əsasında «Ad günü», «Bağlı qapı», «Park», «Özgə ömür», «Ölsəm, bağışla» və «Qətldən yeddi gün sonra» filmlərini çəkir. Bu filmlərdə sadə insanların obrazları ilə imperiyanın eybəcərliyi kinematoqrafik dildə nümayiş olunub.
   Azərbaycan kinosunda Həsən Seyidbəyli («Bizim Cəbiş müəllim», «Nəsimi»), Arif Babayev («Gün keçdi», «Uşaqlığın son gecəsi»), Şamil Mahmudbəyov («Şərikli çörək»), Tofiq Tağızadə («Mən ki, gözəl deyildim», «Yeddi oğul istərəm»), Eldar Quliyev («Babək») Teymur Bəkirzadə («Yol əhvalatı») kimi rejissorlar öz imzaları ilə seçildilər. «Azərbaycanfilm» kinostudiyası həmin dövrdə keçmiş SSRİ-də ən işlək studiyalarından biri idi.
   
   Ən yeni mərhələ
   
   Ötən əsrin 80-ci illərində daha bir mərhələni arxada qoyan Azərbaycan kinosunda 90-cı illərdən etibarən bir durğunluq yaşandı. Son illərdə dövlətin kinoya qayğısı nəticəsində Azərbaycan kinosunda yeni inkişaf dövrü başlayıb. Dövlət sifarişi ilə ildə 5-6 tammetrajlı bədii film çəkilir. Bu filmlərin rejissorları arasında təcrübəli kinematoqrafçılarla yanaşı, gənclər, yeni imzalar da var. 

  İntiqam Hacılı