Avqustun 2-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun yaranmasının 112-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
   
   Tədbiri açan Dövlət Film Fondunun rəhbəri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bütün kino işçilərini peşə bayramları münasibətilə təbrik etdi. Natiq Azərbaycan kino sənətinin əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçdiyini və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynadığını vurğuladı. Qeyd etdi ki, ölkəmizdə kinonun yaranma tarixi XIX əsrin ikinci yarısından etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır. Həmin dövrdə neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaradıb.
   Azərbaycan kinosunun inkişafında misilsiz rolu olmuş ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edən natiq vurğuladı ki, Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Bu sənəddə “Azərbaycanfilm” kinostudiyasının binasının müasir tələblərə cavab verən formada yenidən qurulması, ən yeni texniki avadanlıqlarla təchiz edilməsi, kadr siyasətinin həyata keçirilməsi və digər mühüm məsələlər öz əksini tapıb. Sərəncamdan irəli gələn məsələlərin həlli yaxın gələcəkdə xarici kinorejissorların respublikamızda kino çəkilişləri aparmalarına və digər məsələlərə öz müsbət təsirini göstərəcək. “Hazırda ölkəmizdə yeni filmlər çəkilir və bu ekran əsərlərinin xarici ölkələrdə nümayişi də diqqət mərkəzində saxlanılır. Son bir neçə ildə Azərbaycan filmləri dünyanın bir çox tanınmış festivallarında nümayiş olunub və ölkəmizi layiqincə təmsil edib. Sənədli kino da sürətlə inkişaf edir. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” layihəsi də gənclərə kinoda özlərini təsdiq etməyə şərait yaradır. Mən hesab edirəm ki, Azərbaycan kinosuna böyük diqqət var”, - deyə Cəmil Quliyev bildirdi.
   Sonra Mədəniyyət və Turizm Nazirliyinin son bir ildə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, təbliği istiqamətində gördüyü işləri əks etdirən videomaterial nümayiş etdirildi.
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, şöbənin baş məsləhətçisi Almaz Sultanzadə kino işçilərinin bayramını təbrik etdilər.
   Mərasimdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 16 kino veteranına milli kinomuzun inkişafındakı xidmətlərinə görə pul mükafatı təqdim edildi. Daha sonra “Bu meydan, bu ekran” layihəsinin builki qaliblərinə diplomlar verildi.
   Tədbir çərçivəsində Dövlət Film Fondunun kolleksiyasından “Azərbaycan kino plakatı. 1930-1980” sərgisi də iştirakçılara təqdim olundu.
   
   Yeganə