"Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əhali arasında hərbi vətənpərvərlik işinin gücləndirilməsinə dair 2015-2016-cı illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında" 27 iyul 2015-ci il tarixli əmrə uyğun olaraq, nazirlik tərəfindən 2015-ci il sentyabr ayının 1-dən 2016-cı il fevral ayının 10-dək batal janrında (batal - təsviri sənətdə hərb mövzusuna həsr olunan janr. Bu janrda döyüş səhnələri təsvir olunur, xalqın, qəhrəmanların, sərkərdələrin və başqa tarixi simaların şücaət və qələbələri tərənnüm edilir) respublika müsabiqəsi elan edir.
Müsabiqə əhali arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan tarixinin şanlı döyüş səhifələrinin, dövlət müstəqilliyinin bərpası və qorunması, ölkəmizin ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, milli təhlükəsizliyinin təmin edilməsi uğrunda qəhrəmanlıq və şücaət göstərmiş vətən övladlarının igidliyini, onların mübarizə əzmini təsviri sənət əsərlərində əks etdirmək məqsədi daşıyır.
Yaşı 20-dən yuxarı olan ali və orta ixtisas təhsilli, peşəkar rəssamlar batal janrında işlənmiş əsərlərini müsabiqəyə təqdim edə bilər.

Müsabiqənin şərtləri

Sərgi-müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməlidir;
Azərbaycan tarixinin şanlı döyüş səhifələri, dövlət müstəqilliyinin bərpası və qorunması, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, milli təhlükəsizliyinin təmin edilməsi uğrunda qəhrəmanlıq və şücaət göstərmiş vətən övladlarının igidliyini, onların mübarizə əzmini əks etdirməli, ideya və məzmunca Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir;
Rəngkarlıq, qrafika əsərləri sərgi-müsabiqəyə təqdim olunarkən çərçivələnməli, heykəltəraşlıq əsərləri isə bərk materiala köçürülməlidir.
Sərgi-müsabiqəyə təqdim olunacaq əsərlərə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin əmri ilə yaradılacaq ixtisaslı mütəxəssislərdən, sənətşünas və tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən baxış keçiriləcək və qiymətləndiriləcəkdir.
Münsiflər heyətinin seçdiyi əsərlər nazirlik tərəfindən müqavilə yolu ilə alınacaqdır.

Müsabiqədə iştirak

Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərini 2016-cı il yanvar ayının 15-dən fevral ayının 10-dək Azərbaycan Dövlət Rəsm Qalereyasına (ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 123A, Tel: 012-493-86-33) təqdim edə bilərlər.
Göstərilən vaxtdan əvvəl hazır olan əsərlərin fotoşəkillərini elektron poçt vasitəsilə g.gasimov@mct.gov.az e-mail ünvanına göndərmək olar.