Görkəmli rəssam Ağa Mehdiyevin yaradıcılığı incəsənət tariximizdə ayrıca yer tutur. O, 1920-ci ildə İsmayıllının Lahıc kəndində anadan olub. Qədim yurd yeri, doğma kəndinin insanları, dağlarındakı çobanlar, sadə zəhmət adamları onun sevimli obrazlarıdır.
Ağa Mehdiyev 1938-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirdikdən sonra müstəqil yaradıcılığa başlayıb, yerli və ümumittifaq sərgilərdə ardıcıl iştirak edib. 1960-cı ildə rəssamın Türkiyəyə yaradıcılıq səfəri bir sıra gözəl əsərlərin yaranmasıyla yadda qalır, ustalığının artmasına yardımçı olur. 1962-ci ildə keçirilən “Türkiyə səfəri” sərgisi tamaşaçılar tərəfindən yüksək qarşılanır, bir çox əsərləri muzeylərin ekspozisiyalarına daxil edilir. Onun Türkiyə silsiləsindən olan “İstanbul duman içində”, “Bosfor yağışdan sonra” əsərləri mövzu baxımından bir olsa da, ayrı-ayrı rəng çalarlarına malikdir.
Rəssam əsərlərinin çoxunda tamaşaçının diqqətini obrazların üzərində toplamağa çalışır, bununla da seyrçini təsvir olunan hadisədə iştirakçı olmağa çağırır. Rəsmlərində qadın obrazları ayrıca yer tutur. Bu əsərlərdə məlahət, qabarmayan gözəllik, xətlərin zərifliyi üstünlük təşkil edir ki, bunların da kökü miniatürlərimizdən gəlir. “Kəndli qadın”, “Astanada”, “Lahıc qadınları”, “Tanışlıq”, “Əlində qab tutan qadın”, “Lahıclı qız”, “Qoca qadın”, “Qadın surəti”, “Dağlı qadın”, “Kamançaçalan”, “Analıq” əsərləri rəssamın ana, qadın dünyasına sevgi və sayğısının ifadəsidir. Onun qadın obrazlarının hamısı sanki xoşbəxtdir. Sənətkar tamaşaçıda bu duyğunu yarada bilir.
Əsərlərində çalarsız rənglərdən daha çox istifadə edir ki, bunun da öz gözəlliyi var. Rəssamın daha çox işlətdiyi isti rənglər insanda yeni ovqat yaradır, onu həyatın gözəlliynə daha dərindən inandırır. “İntizar”, “Qarşılama”, “Nar yığımı”, “Uca dağlarda”, “Qayğı”, “Bahar”, “Yaylaqda” “Oyunçular”, “Qızmar gün” tablolarında az qala rənglərin istiliyi insanın canına keçir.
A.Mehdiyevin qəhrəmanları sadə zəhmət insanlarıdır: çobanlar, kəndlilər, fəhlələr... Bu, rəssamın insana və zəhmətə olan yüksək münasibətindən irəli gəlir. Qəhrəmanların sevinc və kədərləri, istəkləri baxışlarından bəlli olur, sanki onlar tamaşaçı ilə danışırlar.
Bütün sovet rəssamları kimi A.Mehdiyevin də dövrün ideologiyasına xidmət edən əsərləri olub. Ancaq ideologiyanı ifşa edən “37-ci il” tablosunda rəssam sadə bir təsvirlə dönəmin çirkinliyini ustalıqla göstərib: yaşayış evinin çarpaz taxtalarla mıxlanmış qapısı ağzında bir it yatıb. Yəqin ki, həmin evin itidir. Evin yiyəsini sorğu-sualsız aparıblar. Əsər elə sadədir ki, təsvir çətinlik çəkilmədən anlaşılır.
Xalq rəssamı A.Mehdiyevin yaratdığı mənzərələr də konkret və lakonikdir. Təbiət təsvirləri təbiətin özü qədər anlaşılandır. “Kiçik həyət”, “Meşədə”, “Sakitlik”, “Lahıc”, “Yağışdan sonra” mənzərələri onun ustalığını təsdiq edir. 1976-cı ildə yaponiyalı Nakamura xanım A.Mehdiyevin 12 mənzərəsini müasir sovet rəngkarlığına həsr olunmuş kataloqa daxil etmişdi.
Yaradıcılığının önəmli bir kəsimini portretlər tutur. Onun portretləri sırasında “İki ay” əsəri özəlliklə məzmun və biçimi ilə diqqəti çəkir: öndə gənc qadın və onun arxasında görünən ay təsvir olunub. Bu əsərdə insanla təbiətin birliyinin uğurlu təsviri var. Eləcə də rəssamın “Çoban portreti”, “Uzanmış çoban”, “Qocanın başı”, “Lahıclı qız”, “Dağlı qadın”, “Avtoportret” əsərləri diqqətçəkəndir.
Ağa Mehdiyev 1988-ci ildə Azərbaycanın Əməkdar rəssamı, 2002-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. Sağlığında bir çox ölkələrdə uğurla sərgilənib. 2003-cü ildə vəfat edib.
S.Soltanlı