Perm Müasir İncəsənət Muzeyində müasir Azərbaycan incəsənəti sərgisi

Rusiyanın Perm şəhərinin Müasir İncəsənət Muzeyində “Konfet dağlar və neftli sahillər” adlı müasir Azərbaycan incəsənəti sərgisi açılıb. Sərgi Perm diyarının Mədəniyyət, Gənclər Siyasəti və Kütləvi Kommunikasiyalar Nazirliyi, “YAY GALLERY”, “Aydan Qalereya” və “Artist and Frollov Gallery” qalereyalarının dəstəyi ilə təşkil edilib.
Sərgidə 22 rəssamın əsərləri təqdim olunub. Muzeyin təqdimatında deyilir: “Onların çoxu Azərbaycanda yaşamır. Amma buna baxmayaraq, tarixi Vətən ilə sıx əlaqə saxlayırlar. “Azərbaycan dünyası” anlayışı ölkə miqyasından xeyli genişdir. Azərbaycan diasporu keçmiş SSRİ ərazisində, xüsusən, Rusiyada ən çoxsaylı diasporlardan biridir. Azərbaycanın mədəni elitası bütün dünyada uğurla fəaliyyət göstərir”.
Muzeyin art direktoru, sərginin kuratoru, rəssam Nailə Allahverdiyeva bildirir ki, konfet dağlar dedikdə Altıağac Milli Qoruğu başa düşülür: “Altıağaca gedən yolda inanılmaz rənglərdə dağlar görürsən. Bu parlaq rəng qammasına görə onları xalq arasında “konfet dağlar” adlandırırlar. Bakının Abşeron sahili sözün əsl mənasında neftlidir. Neft mancanaqları şəhər hüdudlarında yerləşir, dənizdən əsən külək isə xam neftin qoxusunu ətrafa yayır”.
Onun sözlərinə görə, bu sərgi Azərbaycan incəsənəti ilə tanış olmaq üçün yaxşı imkandır: “Hamı bilir ki, Azərbaycan neft ölkəsidir, amma incəsənət baxımından çoxları üçün bir növ tədqiq edilməmiş məkandır. Həm də müasir Azərbaycan incəsənətinin müasir müstəqil Azərbaycan qədər, yəni əsrin dörddə biri qədər yaşı var. Məhz bu səbəbdən “Konfet dağlar və neftli sahillər” retrospektiv deyil, indiki məqamı tutmaq, “burada və indi” baş verənləri görmək üsuludur.