“Salnamə” kinostudiyası “Qarabağ qəhrəmanları” adı altında ekranlaşdırılan və Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunan 10-15 dəqiqəlik sənədli filmlərin çəkilişlərini bitirib. Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Albert Aqarunova həsr olunmuş film artıq təhvil verilib. Filmin ssenari müəllifi və rejissoru Yefim Abramov, operatoru Elşən Həsənoğludur.
“Qarabağ qəhrəmanları” layihəsi çərçivəsindən olan ikinci film də hazırdır. Filmə “Salnamə” kinostudiyasında baxış keçirilib və ekran əsəri qəbul edilib. Milli Qəhrəman Məzahir Rüstəmovun keçdiyi döyüş yolunu əks etdirən ekran əsərinin rejissoru Tofiq Məmmədov, ssenari müəllifi İntiqam Hacılı, operatoru E.Rüstəmovdur. Filmin çəkilişləri Bakıda və qəhrəmanın döyüşdüyü Gədəbəy rayonunun Şınıx mahalında aparılıb.
Şirin Mirzəyev (rejissoru Vüsalə Mirzəyeva, ssenari müəllifi Fehruz Şamıyev, operatoru Elşən Həsənoğlu) və Koroğlu Rəhimov (rejissoru Kəmalə Musayeva, ssenari müəllifi Rəfiqə Budaqova, operatoru Rüfət Süleymanov) haqqında olan digər iki ekran əsərinin montaj işləri tamamlanıb və səsləndirmədən sonra filmlər təhvil veriləcək. “Şirin Mirzəyev” filminin çəkilişləri Bakıda, “Koroğlu Rəhimov” filminin çəkilişləri isə Bakıda və Oğuz rayonunda aparılıb.
Layihənin icraçı prodüseri Nicat Hüseynovun bildirdiyinə görə, sonuncu hər iki film avqustun sonuna hazır olacaq.