Dünya iqtisadiyyatında özünə geniş yer edən Çin Xalq Respublikası kino sənayesində də uğurlu sıçrayışlar etməyə başlayıb. Dünya miqyasına daha iri addımlarla çıxmağa çalışan Çin kinematoqrafçılarının Hollivudla işbirliyi də genişlənir.
   
   Bu yaxınlarda Hollivudun məşhur kinoşirkətlərindən olan «Miramax»ın əsasını qoyan və Amerika kino sənayesinin ən vacib simalarından sayılan Harvey Veinstein Çin kinoşirkəti ilə birgə istesal etdiyi «Şanxay» filminin nümayişi oldu. Film Çinin tanınmış aktrisası Qonq Li və Hollivud aktyoru Con Kyüsakın iştirakıyla çəkilib. Film böyük uğur qazanıb.
   Amma Çin və Amerika siyasətində gərginlik olduğu kimi hər iki ölkənin kinematoqrafçıları arasında da bəzən narazılıq yaşanır. Çində bəzi kinematoqrafçılar Venisteini hoqqabaz sayırlar. Məsələ ondadır ki, o, yayım hüquqlarına sahib olduğu Çin filmlərinə görə əvvəlcə yüksək məbləğ vəd etsə də, sonradan çinli ortaqlarını az məbləğə razılaşmağa məcbur edib. Çinin tanınmış rejissorlarından sayılan Fenq Xiaoqanq isə öz həmkarlarına məsləhət görüb ki, onlar Hollivudla ayaqlaşmaq ambisiyalarını kənara qoyub, bütün dünyanın anlaya biləcəyi filmlər çəksinlər.
   Ümumiyyətlə, bu gün Çində əhalinin Amerika filmlərinə marağı böyükdür və ölkədə Hollivud mübtəlalığının dərin kökləri var. Amerika kommunisti Sidney Rittenberq özünün avtobioqrafiyasında qeyd edir ki, müasir Çin dövlətinin qurucusu, inqilabçı Mao hakimiyyətə gəlməmişdən əvvəl, ölkədə vətəndaş müharibəsi getdiyi zaman hər cümə Hollivud filmlərinə baxırmış. Onun sevimli aktyorları isə Amerika kinosunun komik ulduzları Lorel və Xardini idi. O zamanlar Çində filmlər kommunist təsiri altında çəkilirdi, bununla belə, onlar Hollivud estetikasına məruz qalırdı. Fenq Xiaoqanq məhz Hollivud estetikasına qarşı olan rejissorlardan biridir.
   Son illərədək Çində kino sənayesi əvvəllər sırf dövlətin planları əsasında qurulurdu. İndi isə ölkədə müstəqil film bazarı yaranmağa başlayıb. Son illər isə Çin rejissorları «Oskar» aldıqca, Amerika bazarını fəth etdikcə tələbləri, arzuları da böyüyür. Çin dünya kinosunda öz əhəmiyyətini, vacibliyini mədəni kontekstdə ifadə etməyə çalışır və buna tədricən nail olur.
   2002-ci ildə Çin rejissoru Çjan İmou Honkonq aktyorları və Amerika pulları ilə «Qəhrəman» filmini çəkdi. Film iki «Oskar» mükafatı əldə etdi. Rejissorun «Uçan xəncərlərin evi» döyüş filmi isə Çindən kənarda 190 milyon dollardan çox gəlir gəirdi.
   Bu gün «Oskar» almaq istəyi Çin rejissorları üçün əsas hədəfə çevrilib. Ölkə daxilində kino 3 ildən bəridir ki, yüksək sürətlə inkişaf edir. Təkcə 2009-cu ildə 456 bədii film istehsal olunub, filmlərdən əldə olunan gəlirlər 40 faiz artıb. Hərçənd Çində kinoteatrların sayı o qədər də çox deyil, 1,3 milyard əhalisi olan ölkədə 4700-dək kinozal var.
   Qazandığı uğurlara baxmayaraq, Çin kinosu özünəməxsus estetikanı axtarır. Kino siyasətinə və senzuraya məsul olan dövlət qurumları isə çəkilən filmlərə nəzarət tələb edir. Onlar bir tərəfdən çinlilərin «zövqünün hollivudlaşması» ilə bağlı xəbərdarlıq edir, digər tərəfdən isə Ceyms Kameronun Çində uğur qazanan «Avatar» filmini milli kinematoqrafiyaya nümunə göstərirlər. Ədəbiyyat üzrə mütəxəssis Çanq Yivu deyib ki, Kameron bəşəri film çəkib və amerikalılar belə bir fərqli filmlə çinlilərə öz bacarıqlarını nümayiş etdirirlər.
   Çin kinosənayesinin iddialarına Amerika əks-hücumla cavab verir. Hollivud üçün Çin bazarı hər zaman xüsusi önəm kəsb edib. Venstein qardaşlarının 2008-ci ildə Ceki Çan və Cet Li ilə birlikdə çəkdikləri «Qadağan olunmuş hökmdarlıq» filmi buna son misal ola bilər. «Disney» isə Çin filmlərindən birinin remeykini - «Əla müzikl»i ekranlaşdırıb. Beləcə tərəflər arasında «kino müharibəsi» davam edir.
   
   Sevda Əliəşrəfqızı