Bu ilin oktyabrında Xantı-Mansiysk şəhərində “Qızıl qaval” XIV Beynəlxalq televiziya verilişləri və filmləri festivalı keçiriləcək. Festivalda Azərbaycanı “Salnamə” kinostudiyasının istehsalı olan“Təxəllüsü Mixaylo” filmi təmsil edəcək. Filmin rejissoru Tahir Əliyevin verdiyi məlumata görə, müsabiqədə iştirak edəcək əsərlərin seçim mərhələsi artıq başa çatıb və müsabiqənin ekspertləri 11 ölkədən 311 ekran əsərini gözdən keçirib: “Onlardan cəmi 70-i festivala qatılacaq və münsiflər heyəti tərəfindən qiymətləndiriləcək”.
Festival “publisistika”, “art video”, “sənədli film”, “sənədli serial” da daxil olmaqla 10 nominasiya üzrə keçiriləcək.
Qeyd edək ki, Ekspertlər Şurası tərəfindən festivala “qələbənin 65 illiyi” nominasiyası da daxil edilib. Tahir Əliyevin filmi də bu nominasiya üzrə yarışacaq.