Məşhur Amerika rəssamı, fotoqraf Culian Şnabel, eyni zamanda, kinematoqrafiyada öz dəst-xətti olan rejissordur. Bu günə kimi o, öz ssenariləri əsasında üç filmə quruluş verib. Onun ilk ekran işi olan «Baskiya» filmi afroamerikalı rəssam Jan Mişel Baskiyanın həyatını anladır.
   
   «Hələ gecə düşməmiş» filmi isə Fidel Kastrounun hakimiyyətə gəlişindən sonra Kubanı tərk edən şair Reynaldo Arensin memuarlarına əsasən çəkilib. Şnabelin diqqəti daha çox çəkən filmi isə 2007-ci ildə Kann kinofestivalında ən yaxşı rejissor işinə görə «Qızıl palma budağı» və «Qızıl qlobus» mükafatını almış «Skafandr və kəpənək» dramı oldu. Real hadisə əsasında çəkilən film 43 yaşında iflic olmuş fransız jurnalisti Jan Dominik Bobinin kədərli həyat hekayəsi haqqındadır. Rejissorun sonuncu «Miral» filmi yenə də real şəxsiyyətdən, 1948-ci ildə Qüdsdə yəhudi-fələstinli qızlar üçün uşaq evi açan Hind əl Hüseyndən bəhs edir. Yeri gəlmişkən, Şnabelin «Miral» filmi builki Kann festivalında müsabiqədən kənar proqrama salındığından rejissor festivala qatılmaqdan imtina etmişdi.
   Culian Şnabelin Almaniyanın «Süddeutsche Zeitung» qəzetinə verdiyi müsahibəsindən bəzi maraqlı məqamları diqqətinizə çatdırırıq.
   
   - Nədən siz birdən-birə rəssamlıqdan foto sənətinə keçməyə qərar verdiniz?
   - Yaxşı sualdır. Mənim rəsmlərimin fotosurətini çıxarır və jurnallarda reproduksiyalarını verirdilər. Keyfiyyət məni qane etmədiyindən özüm fotoqrafiya ilə məşğul olmağa başladım. Hərçənd düşünürəm ki, digərləri məndən daha yaxşı foto çəkə bilirlər. Çünki mənim ailə fotolarını çəkməkdən zəhləm gedir. Bu çox əsəbi bir işdir: kim necə harda dayanmalıdır, kim neçə gülümsəməlidir? Bu, dəhşətdir. Mən güclə gülümsəyən, bir-birini qeyri-səmimi şəkildə qucaqlayan insanların fotolarını görəndə əsəbiləşirəm.
   - Ona görə də siz fotoları anında çəkirsiniz?
   - Fotolar dəqiq, diqqətlə çəkilməldir. Amma bu o demək deyil ki, kiminsə kamil görünmək kimi səfeh istəyinə əsasən hansısa səhnələr qurulmalıdır. Mən fotoları müxtəlif təəssüratları, anları mümkün qədər vaxtında yaxalamaq üçün çəkirəm. Hər şeydən öncə isə məni gözəllik maraqlandırır. Sevdiyim insanlara, qızıma, oğluma, dostum Kristofer Uokenə (tanınmış Amerika aktyoru) çəkdiyim fotolarla necə gözəl bir şeyi tapdığımı göstərmək istəyirəm.
   - Yeri gəlmişkən, sizin sərgilərinzdə nümayiş etdirdiyiniz əsərlər adətən dərhal satılır. Sənət bazarında sizin işləriniz yüksək qiymətləndirilir. Sizin üçün şöhrət nə deməkdir?
   - Heç bir şey. Mən heç vaxt karyera haqda düşünməmişəm. Mənim həmişə yalnız bir üstünlüyüm olub - işləmək bacarığım.
   - Çəkdiyiniz bütün fimlər də hər zaman yaxşı qarşılanıb və mükafatlandırılıb: «Baskiya», «Hələ gecə olmamış». «Skafandr və kəpənək» filmi isə şedevr hesab olunur. Sizin digər filmləriniz kimi bu filminiz də həyatla tez vidalaşan insandan bəhs edir. Niyə siz ölümlə bu qədər yaxından maraqlanırsız?
   - Mənim filmlərim əslində ölüm qorxusundan, ölüm anını yaxalamaqdan bəhs edir. Bu filmlər güman ki, mənim ölümlə bağlı qorxularımı analiz etmək üçün bir cəhddir. «Skafandr və kəpənək» filmində qəhrəman iflic olduqdan sonra öz düşüncələrini göz qapaqları vasitəsilə anladır, bədənini bu cür idarə edir. Mən istəyirdim ki, tamaşaçı onun bədəninin vəziyyətini anlasın və bunula bağlı öz fikrini, hisslərini bölüşə bilsin. Mən qəhrəmanın öz düşüncələrindən, onu narahat edən fikirlərindən azad ola bildiyini anlamışdım. İnsanın özündən azad olması mümkündür və onun düşdüyü vəziyyətdən çıxış yolunun olub-olmaması o qədər də vacib deyil.
   - Sizin sənətinizin melanxolik tərəfi varmı?
   - Rus rejissoru Andrey Tarkovski düşünürdü ki, sənətkar faciəvi fiqurdur, amma sənət özü bədbin olmamalıdır. Həyat ölümlə bitir, sənət isə yox. Yalnız istedad və istedadsızlıq var. Məni isə istedadlı adamlar cəlb edir. Mən bir romantik kimi düşünürəm ki, individualistlər cəmiyyətdəki sərhədləri qırmağa və təhlükəni yox etməyə qadirdirlər.
   
   Sevda Əliəşrəfqızı