Sergey Eyzenşteynin bu məşhur kəlamı kinoda uğur qazanmaq istəyən hər kəs üçün ibrətamizdir
   
   Bu gün Azərbaycan kinosu, milli kinematoqrafiyamız inkişaf etməklə bərabər, bu sahədə xarici ölkələrlə əlaqələrimiz də genişlənir. Xarici ölkələrlə kino sahəsində işbirliyi, təcrübə mübadiləsi artır. Bu baxımdan bizə qonşu və yaxın olan ölkələrdə kinonun inkişaf yolu da maraq doğurur. Postsovet ölkələrini götürsək, görərik ki, Azərbaycan kinosunun keçdiyi inkişaf mərhələsi həmin ölkələr üçün də ümumən xarakterikdir.
   Məsələn, Ukraynada kinonun vəziyyəti elə də yaxşı deyil, filmlər az çəkilir. Bu sahədə gənclərə geniş meydan verilib. Ukraynanın Xalq artisti, tanınmış kinorejissor Aleksandr Koval sənədli filmlər studiyasının direktoru olarkən SSRİ dağılan ərəfədə həmin studiyanı bağlamaq istəyiblər. Amma o, bir gecənin içində balans aktlarını imzalayaraq sexləri instituta verir. Səhərisi gün deyir: “Bağlayın görüm, necə bağlayacaqsınız? Mənim arxamda beş yüz tələbə dayanıb”. İndi Ukrayna tələbələri filmlərini 35 mm-lik peşəkar kinolentə çəkirlər. Hazırda Kiyevdə Milli Teatr, Kino və Televiziya Universitetindən əlavə, müstəqil fəaliyyət göstərən Ekran Sənətləri İnstitutu da fəaliyyət göstərir.
   Bu kiçik nailiyyət deyil. Çünki VHS və kino tamamilə fərqli, müqayisə olunmaz anlayışlardır. Kiyev Milli Teatr, Kino və Televiziya Universiteti qərar verib ki, heç kim heç bir müsabiqəyə təkbaşına, müstəqil şəkildə film göndərməyəcək. Əks-təqdirdə, filmin üzərindən universitetin adını silməlisən. Bununla da universitetin imici qorunur. Universitetdə bədii şura da fəaliyyət göstərir. Ora pedaqoqlarla yanaşı tələbələr də daxildir. Birinci kursdan etibarən imtahanlarda bədii şura da iştirak edir. Şuranın üzvlərinə müəllimlər, emalatxana rəhbərləri daxildir. İkincilər mütləqdir. Çünki ingilis dili və ya tarix müəllimi gələ də bilər, gəlməyə də. Amma emalatxana rəhbərlərinin iştirakı vacibdir. Tələbələr öz nümayəndələrini göndərirlər və bədii şuranın sədrini seçirlər. Bu tələbə özünüidarəetməsidir. Deməli, çıxış yolu həmişə var.
   İndi isə keçək yaxın qonşumuz İrana. İran filmlərinə baxdıqda bunun kino dili olduğunu anlayırsan. Fikirləşirsən ki, onlar həqiqətən kino işi ilə məşğuldurlar. Bütün filmlər, hətta ən primitiv dramaturgiyaya malik olanı belə peşəkarlıqla çəkilib. Çünki onlar kino dilində çəkilib.
   Kino dili ayrı bir aləmdir. Misal üçün, Miloş Formanın “Qu quşu yuvası üzərindən uçuş” filmindəki tibb bacısını xatırlayın. Onu boğurlar. O isə səhəri gün təzədən qayıdır. Boğazı sarıqlıdır, səsi cırıldayır, amma sağdır. Heç nəyi tərcümə etmək lazım deyil. Hər şey aydındır.
   Kino dilində çəkilən filmlərin hansı dildə danışması vacib deyil. Böyük rejissor Sergey Eyzenşteyn deyirdi ki: “Rejissorluğu öyrətmək mümkün deyil, amma öyrənmək olar”. İşləmək lazımdır. Boris Pasternak yazır: “Qəlb işləməyə məcburdur, hər gün, hər gecə”. Deməli, səviyyəni məşhurluq qaldırmır. Yaradıcı şəxsin etdiyi hər şey sonda ölkənin, xalqın adına yazılır. Ona görə də çəkəcəyi hər şeyi rejissor özündən keçirib tamaşaçı üçün çəkməlidir.
   
   İntiqam Hacılı