Məşhur ispan rəssamı, heykəltəraşı, qrafik və dizayneri Pablo Ruis Pikasso (1881-1973) XX əsr rəssamlığının ən tanınmış nümayəndələrindən biridir. İncəsənət tarixində onun ən böyük işlərindən biri fransız rəssamı Jorj Brakla (1882-1963) birlikdə kubizm cərəyanını yaratmasıdır.

Pikasso rəssamlığa uşaq yaşlarından başlayıb. İlk rəsm dərslərini atası, rəssam Xose Ruisdən alıb. 8 yaşında özünün ilk əsərini - “Pikador”u yaradıb.
Əvvəlcə La-Korunyadakı incəsənət məktəbində təhsil alır, 1895-ci ildə Barselonada incəsənət məktəbinə daxil olur. İlk əsərlərini atasının adı - Ruis Blasko imzası ilə çəkir, sonradan ömürlük anasının soyadını - Pikassonu özünün yaradıcılıq imzası olaraq seçir. 1897-ci ilin sentyabr ayında Madridə yollanan Pikasso San-Fernand Akademiyasına daxil olur. 1898-ci ildə Barselonaya dönür.
Rəssamın məşhur əsərləri içərisində “Avinyonlu qızlar” və İspaniyada vətəndaş müharibəsi zamanı dinc Gernika şəhərinin alman legionu tərəfindən bombalanmasına həsr edilmiş “Gernika“ əsəri ayrıca yer tutur.
Pikasso uşaqlığından gəncliyinədək realist üslubda rəsmlər çəkib. XX yüzilin ilk onilliyində yeni texnika və düşüncəsi ilə onun yaradıcılıq yönü dəyişib. 1900-cü ildə o, dostu Kasagemasla Parisə yollanır. O, burada impressionistlərin yaradıcılığı ilə yaxından tanış olur. Ömrünün bu illəri müxtəlif çətinliklərlə keçir, dostu Kasagemasın intiharı isə gənc rəssamı dərindən sarsıdır. Belə bir çağda o, sonralar “mavi dönəm” adlandırılacaq üslubda əsərlər işləməyə başlayır. Bu üslubda 1903-1904-cü illərdə Barselonaya dönüşündən sonra işləyir. Rəssamın bu dövrə aid əsərlərində yoxsulluq, qocalıq və ölüm kimi mövzular ifadə olunur (“Absent həvəskarı”, “Görüş”, “Gənc və dilənçi qoca”). Rəssamın palitrasında mavi çalarlar üstünlük təşkil edir. Bu dönəmdə insan iztirablarını əks etdirən Pikasso əsərlərində əsasən korlar, dilənçilər, əyyaşları canlandırırdı.
Rəssam 1904-cü ildən Parisdə məskunlaşır. Bununla da onun yaradıcılığında “çəhrayı dönəm” adlandırılacaq yeni mərhələ açılır. Bu illərdə “mavi dönəm”in qəm və kədəri teatr və sirkin daha canlı obrazları ilə əvəzlənir. O, tablolarında çəhrayı-qırmızımtıl və çəhrayı-bozumtul çalarlara üstünlük verir. Belə əsərlərin qəhrəmanları isə sərsəri komediantlar, rəqqaslar və akrobatlar idilər.
1907-ci ildə fransız rəssamı Jorj Brakla görüşən Pikasso naturalizm və incəsənətin təsviri-idrak funksiyasını inkar edən yeni bədii cərəyan olan kubizmin əsasını qoyur. O, formaların həndəsi hissələrə çevrilməsinə diqqət ayırır, tutumları artırır və sındırır. Onları müstəvi və səthlərə bölərək fəza boyu uzadır. Pikassonun rəsmlərində perspektiv yoxa çıxır. Kubizmin ilkin məqsədi ənənəvi üsullardan fərqli olaraq məkan və kütlənin ağırlıq hissini ifadə etmək olsa da, Pikassonun rəsmləri tez-tez anlaşılmazlığa aparıb çıxarır. Bu isə o deməkdir ki, rəssam yaradıcılıqda gerçəklik hissini itirir.
Kubizm bir çox cərəyanlar kimi realizmdən daha artıq söz demək istəyindən yaranıb. Bu isə ona gətirib çıxarır ki, gerçəklik ya təhrif olunur, dəyişdirilir, ya da güclə seziləcək dərəcədə yoxa çıxarılır. Sonucda anlaşılmaz, dərkolunmaz əsərlər ortaya çıxır. Pikasso gerçəklikdən qurtulmaq xatirinə yaradıcılığını hər sayaq anlaşılmazlığa qədər gətirir. O, həm də anlayır ki, inkar və yox edilmiş gerçəkliyin yerinə yenisini qoymaq gərəkdir. Beləliklə, rəssamlıqda ənənəvi gerçəklik yerinə əcaib gerçəklik gətirilir.
Onun kompozisiyalarında telefon nömrələri, evlər, sevgililərin adı, küçə adları yazılmış kağız parçaları, qəlyanaltılar görünməyə başlayır. Kollaj texnikası kubistik prizmaların qıraqlarını daha böyük müstəvilərdə birləşdirir və ya çox rahat və yumoristik tərzdə tapıntını üzə çıxarır. Pikassonun yaradıcılığında kubistik dönəm onu Jorj Brakdan ayıracaq I Dünya müharibəsinin başlanmasından az sonra bitir. Buna baxmayaraq Pikasso bir çox əsərlərində bu üsluba yenidən müraciət edir.
Kubizm yarandığı dönəmin modernist cərəyanı idi. O zaman Avropada yaranmaqda olan çağdaş incəsənətdə işığın keçici təsirlərini təsvir edən impressionizmin nümayəndələrini bəyənməyən gənc rəssamlar nəsli yetişirdi. Onlar əsasən Anri Matissin başına toplanan, çoxrəngli rəsmlər çəkən rəssamların da üslubunu qəbul etmirdilər. Kubistlər ağılın gücünü ortaya qoymaq, rəsm əsərlərini tutarlı şəkildə əsaslandırmaq istəyirdilər. Bu baxımdan onlar Pol Sezanın layiqli ardıcılları idilər. Əslində bu cərəyan bir dizayn incəsənəti idi. Kubizm cərəyan, üslub kimi yalnız biçimə, formaya xidmət edir. Onun bir cərəyan kimi nəyi varsa, yalnız bu zahiri həndəsiliyindədir. Əgər varsa, onun fəlsəfəsi bundan ibarətdir.
Pikasso və Brak həcmləri bir-birinə daxil olan portretlər, natürmortlar və mənzərələr çəkirdilər. Onlar ikiölçülü olan rəsmdə təbiətdə üçölçülü cisimlərin təsvirini çəkməyin yollarını axtarırdılar. O çağa qədər üçölçülü görüntü perspektiv vasitəsilə yaradılırdı. Pikasso və Brak öncə bu metoddan imtina etdilər. Onlar təsvirləri rəsmdə pilləvarı şəkildə bir-birinin üzərində sıralayaraq çəkirdilər. Kubistlər təsvirlərində cismi bir neçə yöndən - öndən, arxadan, sağdan, soldan görürmüş kimi təsvir edirlər.
İllər keçdi, Jorj Brak və Pablo Pikassonun üslubları daha da mürəkkəbləşdi. Kubistlər cismi formalaşdıran əsas cizgilərin təsvirini azaltdılar və onları ilk görünüşdən bu cisimləri xatırlamağa yardım edəcək formalarla əvəzlədilər.
Kubizmin incəsənət ideyası müxtəlif zamanlarda ayrı-ayrı yerlərdə baş verən hadisələri eyni zamanda və yerdə təsvir etməkdən ibarət idi. Onların əsərlərində qarmaqarışıq görüntülərə və dağınıq sözlərə rast gəlmək mümkündür.
Kubistlər əsərlərində gözün müxtəlif yönlərdə görə biləcəyi təsvirləri həndəsi şəkildə ifadə etməyə çalışırdılar. Onlar belə hesab edir ki, mövzunun təkcə görünən tərəflərini yox, həm də görünməyən tərəflərini təsvir etmək gərəkdir. Bu səbəbdən də kubistlərin əsərləri olduqca qarışıqdır.

S.Qaliboğlu