Foto sənəti ustaları ənənəvi Qızıldağ Karakucak Güləş Festivalının maraqlı anlarını fotoobyektivin yaddaşına köçürüblər

Avqustun 18-dən 25-dək Türkiyənin Adana şəhərində TÜRKSOY-un növbəti “Fotoqraflar görüşü” keçirilib. Adanada ənənəvi Qızıldağ Karakucak Güləş Festivalı çərçivəsində gerçəkləşən budəfəki sənət görüşünə 14 türkdilli ölkə və diyardan fotoqraflar qatılıb.
TÜRKSOY ilə Adana Böyükşəhər Bələdiyyəsinin işbirliyi əsasında baş tutan tədbir bu layihə üzrə 13-cü görüşdür. Layihənin məqsədi yer üzündəki hər faktın vizual elementlərə çevrildiyi bir sənət sahəsi olan fotoqrafiya sənətini dəstəkləmək və türk xalqlarının bu sənətdə necə güclü olduğunu dünyaya tanıtmaqdır.
Adana Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və ictimai işlər üzrə şöbəsi tərəfindən təşkil edilən güləş festivalı əsrlərdən bəri gələn ənənədir və bu 531-ci dəfə keçirilir. Adananın Karaisalı məhəlləsinin Qızıldağ yaylasında gerçəkləşən festival çərçivəsində bir araya gələn TÜRKSOY ölkələrinin foto sənəti ustaları yarışmanın ən maraqlı anlarını da fotoobyektivin yaddaşına köçürüblər. Bu, eyni zamanda festivalın beynəlxalq təqdimatına və yaşadılmasına xidmət edir.
Qeyd edək ki, bir həftə davam edən tədbirdən çəkilən şəkillər “Türk dünyası fotoqraflarının gözü ilə Adana" adlı sərgidə nümayiş olunacaq.

Mehparə Sultanova
Ankara