“Retro mahnılar heç zaman yaddan çıxmır, ötən dövrün musiqiləri insanda nostalji hislər oyadır”

Bu ilin yay aylarında Bakıda həm şəhər sakinlərinin asudə vaxtlarının səmərəli təşkil olunması, həm də turistlərə Azərbaycan mədəniyyətini tanıtmaq üçün bir neçə mədəni layihəyə start verildi. Belə layihələrdən biri - Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşan “Retro Bakı” layihəsi sentyabr ayında da davam etməkdədir.

İyul ayından etibarən hər həftəsonu paytaxtın Fəvvarələr meydanı ərazisində “Retro Bakı” layihəsi üzrə konsert proqramları təqdim olunur. Layihənin əsas məqsədi Bakıda 60-70-ci illərdə dəbdə olmuş açıq hava konsertləri ənənəsini yenidən canlandırmaq, əhalinin asudə vaxtını səmərəli təşkil etməkdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin direktoru Hacı Əliyev bildirdi ki, layihə qısa zaman ərzində həm şəhər sakinlərinin, həm də paytaxtımıza gələn turistlərin marağını cəlb edə bilib: “Artıq üç aya yaxındır ki, hər həftənin şənbə və bazar günləri iki saata yaxın müddət ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya musiqisinin incilərini dinləmək, zəngin milli rəqslərə tamaşa etmək imkanı əldə edirlər. Təqdim etdiyimiz konsertlər müxtəlif musiqi janrlarını əhatə edir. Burada həm milli musiqilərimiz, muğamlarımız, estrada mahnıları, milli rəqslərimiz, həmçinin xarici musiqilər də yer alır. Yeni musiqilərlə yanaşı, 60-70-ci illərin melodiyaları da səsləndirilir. Layihədə əsasən gənc ifaçıların çıxışlarına yer verilsə də, hər dəfə çalışırıq ki, tanınmış musiqiçiləri də dəvət edək”.
H.Əliyevin sözlərinə görə, layihə bu ayın sonunadək davam edəcək, oktyabrın 2-də isə “Retro Bakı”nın geniş bağlanış konserti keçiriləcək: “Layihə böyük maraq doğurub. Odur ki, gələn il də yaz aylarından başlayaraq payızadək bu layihəni yenidən reallaşdırmağı düşünürük. Növbəti il çalışacağıq ki, “Retro Bakı”da yeni-yeni ifalarla, rəngarəng musiqilərlə tamaşaçıların qarşısına çıxaq”.
Qeyd edək ki, konsertin keçirildiyi səhnə də “Retro Bakı” ab-havası yaradacaq üslubda qurulub. Səhnənin dekorasiyasında 60-70-ci illərin Bakısına həsr olunmuş fotoşəkillər, dekorativ sənət nümunələri və s. nümayiş olunur.
Ötən həftəsonu “Retro Bakı”nın qonaqları müğənni Əminə Şirin və rəqqas İlham Kərimli oldular. Konsertdə gənc müğənnilər Hüseyn Abdullayev, Səbinə Əsgərova, Cəvahir Abdulova, Nizami Nikbin, Aygün Ağayeva və “Qismət” qrupunun ifaları da səsləndi.
Konsert proqramı maraqla qarşılandı.
Təhminə Məmmədova paytaxtın mərkəzi küçələrindən birində yaşayır: “Hər həftəsonu nəvələrimi də götürüb konsertə baxmağa gəlirəm. Burada səsləndirilən musiqilər məni 60-70-ci illərə qaytardı, həmin dövrün mədəni həyatını xatırlatdı. Retro mahnılar yaddaqalandır, heç zaman unudulmur, ötən dövrün musiqiləri insanda nostalji hislər oyadır”.
Yaşar Ağayev “Retro Bakı” layihəsinə həm yaşlı insanların, həm də gənclərin maraq göstərdiyini deyir: “Misal üçün, mən yaşlı adamam, gəlmişəm, kənarda dayanıb qulaq asıram. Hər dəfə konsert olanda burda hər yaşda insanları görmək olar. Maraqlı layihədir, davamlı olmasını arzu edərdik”.

Fariz