Sərgidə rəssamın vaxtilə çəkdiyi cizgi filmləri də nümayiş etdirilir

Sentyabrın 2-də Bakıdakı “Port Baku Mall” ticarət mərkəzində mərhum rejissor, rəssam-animator Nazim Məmmədovun fərdi yaradıcılıq sərgisi açılıb.

Sərginin təşkilatçısı rəssamın oğlu, “Art Concil Azərbaycan” təşkilatının rəhbəri Dadaş Məmmədovdur. Tədbirdə ictimaiyyət nümayəndələri, sənət adamları iştirak ediblər.
Tədbiri mərhumun həyat yoldaşı Ofeliya Məmmədova açaraq iştirakçılara minnətdarlığını bildirib, rəssamın həyat və yaradıcılığı haqqında bilgi verib.
Sərgidə rəssamın müxtəlif mövzularda yaratdığı 30-dan çox əl işi nümayiş olunur. Rəssamın bütün əsərləri kubizm üslubundadır. Onun “Şən balıqlar”, “Qadın portreti”, “Futuristik portret”, “Üç çinar ağacı”, “Dədə Qorqud körpüsü”, “Bulaq başında”, “Balıq”, “Buğac”, “Qağayı”, “Xatirələr”, “Şərq şəhəri”, “Gizli istək”, “Tənha qağayılar”, “Atlı qadın”, “Şam ağacları”, “Qızılgüllər”, “Qadın və itciyəz”, “Qırmızı zambaqlar”, “Günbatan çağı”, “Depressiya” və başqa əsərləri sadə ifadəliliyi ilə diqqəti cəlb edir. Fırça ustasının rəngləri təmiz və ürəyəyatımlıdır. Rənglər müxtəlif formalar şəklində bir-birindən qalın xətlərlə ayrılır, bu da əsərlərin ümumi əlvanlığına xidmət edir.
N.Məmmədovun Xocalı faciəsinə həsr etdiyi silsilə əsərləri də sənətsevərlərə yaxşı tanışdır. Həmin əsərlər Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Rəssamın “Xocalı harayı” kitabı 2010-cu ildə çap olunub. “Bir ailənin faciəsi” əsərində Xocalıda bütünlüklə məhv edilmiş ailələrin ümumiləşmiş obrazı yaradılıb. “Edam” əsəri də bir ailənin qəmdən yoğurulmuş yaşantılarından bəhs edir. “Xilaskarını gözləyən gözlər”də erməni əsirliyində qalan, ümidini itirməyən qız-gəlinlərin intizarı bədii-rəmzi həllini tapıb. N.Məmmədov bu acılı hadisələri 90-cı illərdə kətana köçürüb.
Sərgidə rəssamın vaxtilə çəkdiyi cizgi filmləri də nümayiş etdirilir. Ümumiyyətlə, o, uşaqların çox sevdiyi bir sıra cizgi filmlərinin yaradıcısıdır. “Aslan və iki öküz”, “Ayı və siçan”, “Cırtdan”, “Cırtdanın yeni sərgüzəşti”, “Fitnə”, “Göyçək Fatma”, “Humayın yuxusu”, “Xeyir və Şər”, “Sehrlənmiş küpə”, “Toplan və kölgəsi”, “Tülkü həccə gedir” və başqalarını buna örnək göstərə bilərik.
Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub. 1957-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1961-ci ildə isə Moskvada, "Soyuzmultfilm"də rəssam-multplikator ixtisası üzrə təhsilini başa vurub. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında animator, 1970-ci ildən isə rejissor işləyib. Kitab illüstrasiyası, dəzgah rəssamlığı ilə də məşğul olub. 1988-ci ildə respublikada ilk dəfə beşhissəli "Göyçək Fatma" cizgi film-operasını yaradıb. 2004-cü ildə vəfat edib.
Sərgi ayın 11-dək davam edəcək.

Soltan