“Huawei Azərbaycan” şirkəti AZƏRTAC və digər tərəfdaşlarının dəstəyi ilə “Gözəl Azərbaycan” layihəsini həyata keçirir. “Gözəl zəkalar”, “Gözəl mədəniyyət”, “Gözəl insanlar” və “Gözəl təbiət” adlı dörd hissədən ibarət olan bu uzunmüddətli sosial layihənin məqsədi Azərbaycanı dünyada daha çox tanıtmaqdır.
Sentyabrın 7-də “Gözəl təbiət” layihəsi çərçivəsində təşkil edilən müsabiqənin qalibləri mükafatlandırılıb. Layihənin məqsədi Azərbaycan təbiətinin zənginliyini, fərqliliyini və gözəlliyini nümayiş etdirməkdir.
Tədbirdə “Huawei Azərbaycan”ın baş icraçı direktoru Çao Zejun deyib ki, bu layihə Azərbaycan və Çin mədəniyyətlərini birləşdirmək üçün təşkil edilib. Layihə əsasında Azərbaycanın əsrarəngiz təbiəti, tarixi, mədəniyyəti və qonaqpərvər insanları barədə dünyanı məlumatlandırmaq istəyirik.
Çao Zejun qeyd edib ki, müsabiqənin iştirakçıları “Facebook” sosial şəbəkəsi vasitəsilə fotolarını göndəriblər və ən çox bəyənilən üç şəklin sahibi qalib olub.
Sonra müsabiqənin qalibləri - Xəqani Səlimov, İbrahim Əliyev və İlkin Məmmədli şirkət tərəfindən mükafatlandırılıb.