Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin “Retro Bakı” layihəsi növbəti konsert proqramı ilə Qurban bayramı ərəfəsində paytaxt sakinlərinin və qonaqların görüşünə gəlib.
İdarənin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertlərdə ötən həftəsonu müğənnilər Zaur Əmiraslanov, Samirə Allahverdiyeva, Nurlan Əzizbəyli, Kübra Hüseynova, Firuzə Quliyeva, Mirsərhəd Həbibi, Eminağa Sadıqov, Nizami Nikbin, Nigar Süleymanova, Mircabbar Cabbarov, “Azad” və “Səma” rəqs qrupları rəngarəng çıxışları ilə hər kəsə əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Həmçinin bu həftə “Avto retro” klubu retro maşınların və Azərbaycan milli mətbəxində istifadə olunan əşyaların sərgisini təqdim edib.
Qeyd edək ki, “Retro Bakı” layihəsinin tədbirləri hər həftəsonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr meydanında keçirilir. Konsert proqramları oktyabrın ortalarınadək davam edəcək.