İncəsənət Allahın insana bəxş etdiyi və insanın öz hislərini ifadə etmək üçün istifadə etdiyi ən mühüm vasitədir. İllər keçdikcə incəsənətdə yeni növlər, janrlar, texnika və üslublar yaranır. Rəssam Zərnişan Yusif bu sahədə daima yeniliklər axtaran yaradıcı gənclərdən biridir.

O, 1985-ci ildə Bakıda anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsində bakalavr, 2007-2009-cu illərdə isə magistr təhsili alıb. 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının “Gənc rəssamlar və sənətşünaslar birliyi”nin üzvüdür.
Daha çox qarışıq texnikada işləməyi sevən rəssam rənglərdən (ən çox akril və sprey), rəngli kağızlardan, fotolardan və s. istifadə edir - bir sözlə, “kollaj” texnikasında işləyir.
Rəssamın ən çox istifadə etdiyi rənglər qara, zoğalı, boz və ağdır. Onun əl işlərində hiperrealizm və kubizm cərəyanlarının təsirini görərik. Yaradıcılığında silsilə xarakterli əsərlər mühüm yer tutur.
Qədim Bakı mövzusu Azərbaycanın görkəmli qrafika ustaları Əzim Əzimzadənin, Ələkbər Rzaquliyevin silsilə əsərlərində və zaman-zaman digər rəssamlarımızın yaradıcılığında öz bədii əksini tapıb. Z.Yusif “Qədim Bakı” silsiləsində doğma vətənin döyünən ürəyi Bakının Qız qalasını, milli geyimlərimizi, naxışlarımızı, gözəl xanımları təsvir edib. Bu silsilədən hər bir əsərində Bakıya aid simvolları göstərməyə, şəhəri hər fəsildə təsvir etməyə çalışıb.
Gənc rəssam Azərbaycan mədəniyyətini və tarixini əks etdirən “Qobustan” silsilə əsərlərində rəngli kağızlardan, akril boyalardan istifadə edərək kətan üzərində maraqlı bir kompozisiya yaradıb. Burada petroqliflər sanki canlı təsvir olunub. Müəllif işıq-kölgədən istifadə edərək qədim insanların yaşam tərzini canlandırıb.
Rəssamın Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı faciəsinə həsr etdiyi triptix də çox maraqlıdır. Bu kompozisiyada qırmızı və qara rənglərin ziddiyyətlərini, güllə izlərini təsvir etməklə rəssam bu faciənin dəhşətini çatdırır. Qanın içərisində insan əlinin təsviri kompozisiyanın əsas diqqətçəkən nöqtəsidir.
“Müharibə və sülh” kompozisiyasında ağ rəng sülhün, qırmızı rəng müharibənin simvolu kimi verilib. Rəssamın “Apokalipsis”, ”Quşlar”, ”Musiqi” kimi maraqlı işlərini də qeyd etmək olar.
Zərnişan Yusif “Tolerant Azərbaycan gənci” və “Gənc istedad-2012” müsabiqələrində rəngkarlıq nominasiyası üzrə birinci yerə, 2011-2014-cü illərdə Azərbaycan Rəssamlar İttifaqının təqaüdünə layiq görülüb.

Emil Ağayev
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi