XX əsr dünya rəssamlığının tanınmış nümayəndələrindən biri, daha çox yaratdığı avtoportretlərlə tarixdə qalan, qısa ömür yaşamış meksikalı xanım Frida Kahlodur. Onu məşhur meksikalı rəssam Diyeqo Riveranın həyat yoldaşı kimi və çatma qaşları ilə də tanıyırlar.

Frida Kahlo 1907-ci ildə Meksikada doğulub. 6 yaşında ikən poliomielit xəstəliyinə tutulub və ömrünün sonunadək axsayıb. 18 yaşı olanda o, avtomobil qəzasına düşür: evə gedərkən mindiyi maşın tramvay ilə toqquşur. Bu dəhşətli qəzadan sonra Frida səhhətini bərpa etmək üçün dəfələrlə cərrahiyyə əməliyyatı keçirməli olur.
Həmin il o, bir rəssam emalatxanasında rəsm dərslərinə başlamışdı. 1926-cı ildə neftlə ilk avtoportretini çəkir. Frida 200-dən çox əsərin müəllifidir. Bu əsərlərin çoxunda o, özünü çəkib. Əsərlər janr baxımından sürreal sayıla bilər, ancaq müəllif heç zaman özünü sürrealist saymayıb.
1939-cu ildə Fransadakı bir sərgidə onun rəsmləri nümayiş etdirilir və sürrealizmin yaradıcısı Andre Breton rəssamın işlərini yüksək dəyərləndirir. Ancaq onun əsərlərinə dünya miqyasında maraq ölümündən çox sonra - 1970-ci illərdən artmağa başlayır.
Fridanın bir insan kimi həyatı çox üzücü olub. Dəfələrlə ağır əməliyyatlara girən rəssamın bədəni sınıq-salxaq duruma düşmüşdü. Görünür, buna görə o, həmişə həyatdan kam almağa çalışıb. O, fotoqraf dostunun vasitəsiylə tanınmış meksikalı kommunist rəssam Diyeqo Rivera ilə tanış olur və 1929-cu ildə onlar evlənirlər.
Onların ilk evliliyi 10 il çəkir. Ailənin dağılmasının günahkarı isə arvadbaz Diyeqo olur. Belə ki, o, Fridanın bacısı Kristinanı da yoldan çıxarır. Bu olay Fridanı sarsıdır və onlar ayrılırlar. 1937-1940-cı illərdə Stalinin zülmündən canını qurtarmaq üçün Meksikaya sığınmış Lev Trotski Fridanın atasının evində yaşayıb. Fridanın məşhur sovet kommunisti ilə romantik münasibətləri olub. 1940-cı ildə isə Frida və Diyeqo ikinci dəfə evlənirlər. Bu iki rəssam arasında xarakter oxşarlığı da var idi, ona görə bir-birinə xəyanətlərini asanca yola verə bilirdilər. Beləcə bir-birinə xəyanət edə-edə 25 il “birgə” yaşayırlar.
Fridanın ən məşhur əsərlərindən biri “İkili Frida”dır. Rəssam 1939-cu ildə yaratdığı əsərdə ailə böhranını, əri ilə ayrılıqdan sonra öz durumunu təsvir edib. Həmin əsərin Parisdə sərgilənməsi onun Pikasso ilə tanışlığına və “Vogue” jurnalının üz qabığında çap edilməsinə gətirib çıxardı. O, ABŞ-da tanınmağa başlamışdı, bu ölkədə keçirilən sərgilərdə iştirak edirdi.
Rəssamın ən böyük istəyi öz ölkəsində sərgisini keçirmək idi. Onun sağlığında bircə fərdi sərgisi olmuşdu. 1953-cü ildə o, bunu gördü, ancaq ölüm artıq qapını kəsdirmişdi. Həkimlər ona yataqdan durmağı qadağan etmişdilər. O isə təcili tibbi yardım maşınında öz sərgisinə gəldi. Hamı onun bu addımına heyran qalmışdı. O, qalereyanın mərkəzində qoyulmuş yatağında uzanaraq zarafatlar edir, mahnı oxuyur, içki içirdi.
Ömrünün son ilində ayağı qanqren olduğuna görə dizdən aşağı kəsilməli idi. Bu, Fridanı üzürdü, intihar etmək istəyirdi. Özünü ovutmaq üçün şeirlər də yazırdı. 1954-cü ilin yazında iki dəfə intihara əl atdı. Artıq yeriyə bilmirdi, əlil arabasında hərəkət edirdi. 1954-cü ilin 13 iyulu Frida Kahlonun işıqlı dünyada son günü oldu. 47 il ağrı-acılı ömür sürdükdən sonra vəfat etdi.
Bir vaxtlar onun doğulub böyüdüyü ev ölümündən üç il sonra Fridanın ev-muzeyi oldu. İndi Meksikadakı Frida Kahlo muzeyi turistlərin ən çox üz tutduğu ünvanlardandır.
Bu məşhur, çatmaqaş, qarayanız, arıq rəssam həmişə dünya incəsənətinin diqqət mərkəzində olub. Haqqında ədəbiyyatçılar, rəssamlar, musiqiçilər, rejissorlar əsərlər yaradıblar. 2002-ci ildə onun yaşam və yaradıcılığını dolğun şəkildə işıqlandıran “Frida” filmi çəkilib. Film iki dəfə “Oskar” və başqa sanballı mükafatlara layiq görülüb.

Soltan