Bakı Xoreoqrafiya Akademiyasına (BXA) mütəmadi olaraq xaricdən qonaqlar - tanınmış xoreoqraflar, incəsənət xadimləri gəlirlər.
Oktyabrın 28-də ABŞ-ın Endrüs Osborn Akademiyasının rəhbəri, fəlsəfə doktoru Larri Qudman və “MK Global Enterprises” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru, fəlsəfə doktoru Maykl Krasnyanski akademiyada olublar. Onlar BXA-nın müəllimləri - Xalq artisti Yusif Qasımovun və Əməkdar müəllim Pullumb Ağalıyayın məşqlərində iştirak ediblər.
Amerikalı qonaqlar BXA-nın şagird və orta ixtisas təhsili pilləsinin tələbələrinin iştirakı ilə qurulan P.İ.Çaykovskinin “Şelkunçik” baleti və “Multikulturalizm ili”nə həsr olunmuş “Azərbaycan - yurdum mənim” kompozisiyasının məşqlərini maraqla izləyiblər. Qonaqlar BXA ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirərək akademiyanın xoreoqraflarını ABŞ səhnələrində tamaşalar qurmağa dəvət ediblər.
* * *
Akademiyanın müəllimləri tərəfindən respublikanın şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin artırılması məqsədilə ustad dərsləri də davam edir.
28-29 oktyabr tarixində BXA-nın müəllimləri - Prezident təqaüdçüsü Zəminə Sadıqzadə və Fərid Əliyev İsmayıllı şəhərində İsmayıllı, Ağsu, Şamaxı, Qəbələ rayonlarında fəaliyyət göstərən müxtəlif mədəniyyət müəssisələrində çalışan rəqs müəllimləri üçün ustad dərsləri keçiblər.
Həmçinin, BXA-nın təşəbbüsü ilə Gəncə Musiqi Kollecində “Milli musiqi və rəqs sənətinin təbliği üzrə peşəyönümlü fəaliyyətin təşkili və inkişafı” mövzusunda seminar keçirilib. Daha öncə bu mövzuda seminar Şəmkirdə təşkil olunmuşdu.