Sentyabrın 14-də Kinematoqrafçılar İttifaqında kinorejissor Ələkbər Muradovun görkəmli fırça ustası Səttar Bəhlulzadəyə (1909-1974) həsr etdiyi “Sonuncu dərviş” bədii filminin nümayişi keçirildi. Tədbiri açıq elan edən Dövlət Film Fondunun direktoru Cəmil Quliyev ekran əsərinin İctimai Televiziyanın “Carçı film” studiyasında ərsəyə gəldiyini nəzərə çatdırdı. Qeyd etdi ki, film böyük rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə çəkilib.
   
   Film barədə danışan rejissor Ə.Muradov əsrarəngiz yaradıcılığa malik Səttar Bəhlulzadə haqqında film çəkməyin çətin və çox məsuliyyətli bir iş olduğunu vurğuladı: “Hələ uşaqlıqdan bu böyük sənətkarın əsərlərinin vurğunu olmuşam.
   Səttar Bəhlulzadə atamla bir sinifdə oxuyub. Azərbaycanda rəssam haqqında hələ bədii film çəkilməyib. Buna görə də belə bir filmin çəkilməsi vacib idi”.
   Rejissor filmin ötən ilin sentyabrında hazır olduğunu və artıq qeyri-formal olaraq Fransada nümayiş olunduğunu bildirdi.
   Qeyd edək ki, Ə.Muradov həmçinin filmin ssenari müəllifidir. Filmin quruluşçu rəssamı Ağaəli İbrahimov, ikinci rejissorlar Murad Muradov və Olqa Şabanova, operatoru Manaf Süleymanov, prodüseri Faiq Güləhmədovdur. Film 1 saat 30 dəqiqədir.
   
   Yeganə