Mədəniyyət və Turizm Nazirliyi Həmkarlar ittifaqı komitəsinin hesabat-seçki konfransı keçirilib
Noyabrın 8-də Mədəniyyət və Turizm Nazirliyinin Həmkarlar ittifaqı komitəsinin hesabat-seçki konfransı keçirildi.
Milli Kitabxanada keçirilən tədbirdə əvvəlcə Həmkarlar ittifaqı komitəsinin sədri Cavanşir Cəfərovun qurumun hesabat dövründəki fəaliyyəti ilə bağlı məruzəsi dinlənildi. Məruzədə vurğulandı ki, komitə üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkilat qarşısında duran əsas məqsəddir.
Qeyd olundu ki, komitənin 155 nəfər üzvü var. 2012-ci ilin aprelindən 2016-cı ilin noyabr ayına qədər hesabat dövründə qurum müəyyən olunmuş istiqamətlər üzrə fəaliyyət göstərərək ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi ilə bağlı bir sıra işlər görüb. Bu illər ərzində ittifaq üzvlərinin istirahətlərinin təşkili də daim diqqət mərkəzində olub. Onlar üçün ölkəmizin sanatoriya və ailəvi istirahət yerlərinə yollayışlar alınaraq komitə üzvlərinin istirahəti təşkil edilib.
Sonra Təftiş komissiyasının hesabatı dinlənildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev işçilərin hüquqlarının qorunması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasında Həmkarlar ittifaqı komitəsinin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, hər bir işçi öz hüquqlarını bilməli, mövcud qaydaların tənzimlənməsindən xəbərdar olmalıdır: “Hər bir idarədə çalışan insan özünə qarşı diqqət və qayğı hiss etdikdə işinə daha yaxşı yanaşır. Qeyd etmək istərdim ki, kollektivdə sağlam ruhun formalaşdırılmasına, sosial problemlərin həllinə Həmkarlar ittifaqı komitəsi öz dəstəyini verməkdə daha da fəal olmalıdır. Düşünürəm ki, növbəti illərdə də nazirliyin Həmkarlar ittifaqı komitəsi bu işlərini davam etdirəcək. Biz də nazirlik olaraq qurumun fəaliyyətinə məsuliyyətlə yanaşırıq və həyata keçirdiyi işlərə öz dəstəyimizi davam etdirəcəyik”.
Əbülfəs Qarayev ölkəmizdə təşkil olunan beynəlxalq və ölkə miqyaslı tədbirlərin bir hissəsinin məhz Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə reallaşdığını bildirdi: “Bu gün mədəniyyət sahəsində görülən işlərin həcmi və miqyası çox böyükdür. Biz bu proseslərin iştirakçıları və təşkilatçıları olaraq bəlkə də bunu hiss etmirik. Amma bütövlükdə götürsək, görərik ki, ölkəmiz nə qədər böyük, mötəbər tədbirlərə ev sahibliyi edir. Qarşıdakı illərdə də Azərbaycan yenə dünyanın diqqət mərkəzində olacaq. Biz də öz fəaliyyətimizlə görülən işlərə töhfə verməliyik".
Vurğulandı ki, nazirlik əməkdaşlarının 20 faizə qədəri dövlət qulluğuna yeni qəbul edilmiş gənclərdir: "Dünyada hər gün elm, idarəçilik sahəsində yeniliklər baş verir, yeni ideyalar ortaya çıxır. Həmçinin informasiya texnologiyaları da sürətlə inkişaf edir. Bu baxımdan əməkdaşlarımızın, xüsusilə gənc işçilərin bilik və bacarıqlarının artırılması üçün kursların təşkili, seminarların keçirilməsi işində də Həmkarlar ittifaqı komitəsi öz fəallığını artırmalıdır".
Nazir qeyd etdi ki, komitə bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Əbülfəs Qarayev hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzu etdi.
Daha sonra nazirliyin bir neçə əməkdaşı çıxış edərək fikirlərini bölüşdü, təklif və istəklərini ifadə etdi.
Çıxışlardan sonra Mədəniyyət və Turizm Nazirliyinin Həmkarlar ittifaqı komitəsinin və Təftiş komissiyasının sədri və rəhbər orqanları seçildi.
Sonda xidmətdə fərqləndiyinə görə nazirliyin bir qrup əməkdaşına, həmçinin Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova 65 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı təqdim olundu.
Fariz