Milli Kitabxanada Rumıniya səfiri ilə görüş
Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Milli Kitabxanada olub. Qonağı kitabxananın direktoru Kərim Tahirov qəbul edib.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında münasibətlərin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğu vurğulanıb, mədəniyyət sahəsində, o cümlədən milli kitabxanalar arasında da əlaqələrin genişləndirilməsinin zəruriliyi bildirilib.
Səfir ölkəmizə yeni təyin olunduğunu qeyd edərək iki ölkənin milli kitabxanaları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə səy göstərəcəyini deyib.
Sonra diplomat kitabxana ilə tanış olub. Direktor müavini Ədibə İsmayılova qonağa kitabxananın bölmələri, “Açıq kitabxana” layihəsi barədə məlumat verib.
Səfir “Açıq kitabxana”nın çox maraqlı və əhəmiyyətli layihə olduğunu söyləyib, “Xatirə kitabı”na ürək sözlərini yazıb. Sonda səfirə kitablar hədiyyə edilib.
İsveç səfirliyi Azərbaycan uşaq ədəbiyyatının təbliğinə dəstək verəcək
İsveç Krallığının ölkəmizdəki müvəqqəti işlər vəkili Tomas Danestad isə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qonağı olub. Kitabxananın direktoru Şəhla Qəmbərova ölkələrimiz arasında münasibətlərin mədəniyyət sahəsində əlaqələrdə də özünü göstərdiyini deyib. Direktor kitabxananın maarifləndirici layihələri, o cümlədən səfirliklərlə qurulan əməkdaşlıq əlaqələri, birgə təşkil olunan tədbirlərdən söz açıb.
Dəvətə görə təşəkkürünü bildirən T.Danestad qeyd edib ki, dövlətlər arasında olan möhkəm əlaqələr iki ölkənin ictimaiyyəti arasında da dostluq münasibətlərinin güclənməsinə təkan verir. Məqsədimiz qarşılıqlı münasibətlərin təkcə dövlət səviyyəsində deyil, həm də cəmiyyət arasında inkişafına dəstək olmaqdır. Diplomat səfirliyin dəstək verdiyi layihələr, o cümlədən İsveç yazıçısı Astrid Lindqrenin Azərbaycan dilinə tərcümə edilmiş kitablarının Azərbaycanın 610 qaçqın və məcburi köçkün məktəbinə paylanması barədə danışıb.
Qeyd olunub ki, İsveç səfirliyi eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində bir sıra addımlar atacaq. Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının üzvü olan F.Köçərli adına kitabxananın Astrid Lindqrenin xatirəsinə həsr olunmuş beynəlxalq uşaq ədəbiyyatı mükafatına namizəd təqdim edə bilən təşkilatların siyahısına düşməsinə köməklik edilməsi buna misaldır.
Qonaq İsveçdə də, Azərbaycanda gördüyü kimi, multikultural mühitin hökm sürdüyünü diqqətə çatdıraraq, birgə fəaliyyətin faydalı nəticələr verəcəyinə əminliyini bildirib.
Səfir İsveç yazıçısı Astrid Lindqrenin Azərbaycan dilinə tərcümə olunmuş 9 kitabını kitabxanaya hədiyyə edib. Diplomat kitab sərgiləri ilə tanış olub, kitabxananın nəzdində fəal oxucuların iştirakı ilə yaranmış teatr studiyasının tamaşasına (A.Tolstoy “Qızıl açar və ya Buratinonun macəraları”) baxıb. Qonağa kitabxana tərəfindən S.Nuruqızının “Qədim Bakıya səyahət” kitabı və “Göy qurşağı” uşaq jurnalı hədiyyə olunub.