Özbəkistan Dövlət Tarix Muzeyində Azərbaycan pavilyonu açılıb

Özbəkistandakı səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində “Azərbaycan - Qafqazın dürdanəsi” pavilyonunun açılışı olub.
Mərasimdə çıxış edən muzeyin direktoru, professor Cənnət İsmayılova Özbəkistan və Azərbaycan xalqları arasında dil, din, mədəniyyət, adət və ənənələrin oxşar olduğunu qeyd edib.
AMM-in direktoru Samir Abbasov pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, füsunkar təbiəti, adət və ənənələri, turizm potensialının nümayiş etdirildiyini bildirib, Heydər Əliyev Fondunun ölkəmizin tanıdılması ilə bağlı həyata keçirdiyi beynəlxalq layihələrdən danışıb.
Özbəkistan Milli Elmlər Akademiyasının departament rəhbəri Şuxrat Curayev və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov iki xalq arasında tarixi dostluq əlaqələri, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının özbək mədəniyyətinə təsiri barədə söz açıblar.
Sonra sərginin açılışı olub, iştirakçılara milli mədəni irsimizə dair müxtəlif bölmələrdə nümayiş etdirilən eksponatlar haqqında məlumat verilib.
Pavilyonda Azərbaycanın müxtəlif regionlarında ipəkdən və yundan hazırlanan xalçalar, tarixi abidələrimiz əsasında hazırlanmış maketlər, milli musiqi alətləri - tar, saz, nağara, balaban, zurna və s. nümayiş etdirilir. Burada Azərbaycanın Qarabağ bölgəsinin milli qadın və kişi geyimləri, habelə ölkəmizin qədim tarixinə dair bir sıra muzey eksponatları da yer alıb.
Guşədə Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrlər, AMM-in layihəsi ilə özbək dilində son zamanlar çap olunan kitablar, habelə ölkəmizin turizm potensialına dair videoçarx da nümayiş etdirilir.
Pavilyonda nümayiş etdirilən qədim Azərbaycan kəndlisinin ənənəvi evi iştirakçıların xüsusi diqqətini çəkib. Azərbaycan milli ornamentləri əsasında hazırlanmış ev, oradakı uşaq beşiyi, məişət əşyaları, cəhrə, çay süfrəsi, habelə Azərbaycan kəndlisinin istifadə etdiyi kənd təsərrüfatı alətləri, lavaş və digər çörək növlərinin bişirilməsi üçün təndir böyük maraq doğurub.
“Azərbaycan - Qafqazın dürdanəsi” sərgisi dekabrın 31-dək davam edəcək və yekunda ölkəmizin tarixinə və mədəniyyətinə dair bir neçə eksponat muzeyə bağışlanacaq.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar