Noyabrın 17-də Ankarada, Türkiyə Milli Kitabxanasında Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə Xalq şairinin Azərbaycan Milli Kitabxanasının fondlarındakı kitablarından və şairin ev-muzeyinin fondundan götürülmüş fotolardan sərgi açılıb.
Tədbiri Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman açaraq Səməd Vurğunun yubileyi ilə bağlı İstanbul və Ankarada keçirilən tədbirlərdən danışıb.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov sərgiyə ev sahibliyinə görə Türkiyə Milli Kitabxanasının rəhbərinə təşəkkürünü bildirib.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı təşkilatın baş katibi adından tədbir iştirakçılarını salamlayıb, Türkiyə Milli Kitabxanasına Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin kitablarını hədiyyə edib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova şairin yaradıcılığından bəhs ediblər. Əməkdar artist Mehriban Zəki şairin şeirlərini səsləndirib.
Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
L.Azəri