Noyabrın 16-da Ankarada Türkiyə Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı (YTB) və Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) birgə əməkdaşlığı ilə “Ahıska türkləri sürgünün 72-ci ilində” adlı rəsm sərgisi və konfrans keçirildi.

YTB-də baş tutan toplantı Ahıska türklərinin 1944-cü ildə Gürcüstandakı tarixi yurdlarından Orta Asiyaya sürgün edilməsinin ildönümünə həsr olunmuşdu. Tədbirdə Türkiyə Cümhuriyyəti Prezidentinin baş müşaviri Yalçın Topçu, YTB-nin sədri Kudret Bülbül, DATÜB sədri Ziyatdin Kassanov, millət vəkili Salim Uslu, ictimaiyyət və media təmsilçiləri iştirak edirdi.
Öncə Ahıska türklərinin deportasiyasından bəhs edən “Sürgün şahidləri” adlı film nümayiş olundu.
Sonra çıxışlar başlandı. Sürgünün 84 yaşlı şahidi Köşəli Rəsul Ahıska türklərinin yaşadıqları əzab-əziyyət və zülmdən bəhs etdi, onlara qarşı yürüdülən haqsızlıq nəticəsində öz ata-baba yurdlarından didərgin düşdüklərini diqqətə çatdırdı.
YTB-nin sədri Kudret Bülbül hər zaman Ahsıka türklərinin haqq işinin, doğma yurd sevdalılarının yanında olduqlarını söylədi: “Ahıska türklərinin dərdi bizim uzun zamandan bəri davam edən acımızdır. Ahıska, Krım, Balkanlar bu coğrafiyanın kilididir. Oradakı soydaşlarımızı müdafiə etməyi bacarsaq, güclü olarıq. Bu gün Türkiyədə 3 mindən çox Ahıska türkünə təhsil təqaüdü veririk. Xaricdə yaşayanlara isə dəstək göstəririk”.
Ahıskalıların ən böyük problemlərindən birinin də tarixi yurdlarına dönüş olduğuna diqqəti çəkən K.Bülbül bildirdi ki, YTB bu istiqamətdə də səylərini əsirgəməyəcək.
Özünü sürgünə məruz qalan Ahıska ailəsinin övladı adlandıran Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxışında belə dedi: “Birliyimiz və bərabərliyimiz daimi olsun. Bu birlik bütün mədəniyyət coğrafiyamızda olsun və Ahıska türklərinə, sonra da digər məzlum millətlərə barış, güvən, müstəqillik və rifah gətirsin”.
O, Ahıska türklərinin öz vətənlərindən didərgin düşmələrinə baxmayaraq adət-ənənələrini, dillərini qoruduğunu bildirdi: “Mən evdə anamla öz ləhcəmizdə danışıram”. Yalçın Topçu eyni zamanda Ahıska türklərinə diqqət göstərdiyi üçün YTB-yə öz minnətdarlığını bildirdi.
DATÜB-nin sədri Ziyatdin Kassanov Ahıska bölgəsinin bir vaxtlar içərisində olduğu Osmanlı, Türkiyə sərhədlərinin xaricində qalması ilə onların problemlərinin başladığını söylədi: “Ahıska türkləri hər şeyə rəğmən dilini, dinini, adət və ənənələrini itirməyən bir toplumdur. Biz həm də şanslı bir xalqıq, çünki arxamızda böyük dövlətimiz olan Türkiyə var”.
Tədbirin sonunda sərgiyə baxış keçirildi.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar