I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi
Noyabrın 14-də AMEA-nın Rəyasət Heyətinin böyük zalında I Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfransın açılışı keçirildi.
Tədbir ölkə başçısının I Türkoloji Qurultayın 90 illik yubileyi ilə bağlı sərəncamına uyğun olaraq AMEA, Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təşkil edilib. Konfransın 90 ildən sonra I Türkoloji Qurultayın keçirildiyi zalda baş tutması tarixi bir özəllik kəsb edirdi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd etdi ki, 90 il öncə keçirilən qurultayın ideyaları sonrakı çağlarda milli-mənəvi dəyərlərin formalaşmasında, türk xalqları arasında tarixi-mədəni birliyin qorunmasında və inkişafında ayrıca önəm daşıyıb.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında tarixi bir hadisənin qeyd edildiyini bildirdi. O, I Türkoloji Qurultayda müzakirə edilən məsələlərdən söz açdı, tədbiri bütün dönəmlər üçün böyük hadisə adlandırdı.
Türk Dil Qurumunun başqanı Mustafa Kaçalin 90 il öncə Azərbaycanda düzənlənən qurultayın türk xalqlarının tarixində silinməz izlər buraxdığını, o zaman qurultayda qaldırılan məsələlərin bu gün də aktuallığını qoruduğunu dilə gətirdi.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli qurultayın xalqlarımız arasında mənəvi, mədəni körpülərin qurulmasında böyük rol oynadığını vurğuladı.
Onu da qeyd edək ki, xaricdən gəlmiş qonaqların hamısı Azərbaycan türkcəsində çıxış edirdilər.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışları” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi qurultayda qaldırılan latın əlifbasına keçid məsələsinə də toxundu. Qeyd etdi ki, latın əlifbasına keçid XX əsrin əvvəllərində Azərbaycan və Türkiyədə tətbiq olunub, sonradan Sovetlər İttifaqında bu proses dayandırılıb.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “I Türkoloji Qurultay: çağırışları və onların günümüzdəki aktuallığı” mövzulu məruzəsində qurultayın vaxtilə Azərbaycanda keçirilməsini ölkəmizin türkologiyanın elmi mərkəzi sayılmasıyla əlaqələndirdi.
Başqa çıxış edənlər I Türkoloji Qurultayı türk xalqlarının mədəni, elmi yüksəlişinə təkan verən hadisə, latın əlifbasına keçidin özülünü qoyan önəmli bir tədbir kimi dəyərləndirdilər. Bildirildi ki, 1926-cı il fevralın 26-dan martın 6-dək keçirilən tədbirdə ayrı-ayrı ölkələrdən 131 nümayəndə iştirak edib, 17 iclas keçirilib, ümumilikdə 38 məruzə dinlənilib. 90 il öncə müzakirəyə çıxarılan ortaq türk dili, tarixi və ədəbiyyatı məsələləri bu gün də öz aktuallığını saxlayır.
Açılış iclasından sonra konfrans işini AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda və Mərkəzi Elmi Kitabxanada keçirilən bölmə iclaslarında “Ortaq türk tarixi” və “Ortaq türk ədəbiyyatı” dərsliklərinin, o cümlədən “Ortaq türk qrammatikası və terminologiyası”nın hazırlanması və başqa məsələlərin müzakirəsi ilə davam etdirdi. I Türkoloji Qurultayın türk xalqlarının mədəni həyatında yeri, ortaq ünsiyyət dilinin yaradılmasında problemlər, dil, əlifba, ədəbiyyat, terminologiya, türk dillərinin tarixi, türk lüğətçiliyi, dialektologiyası və qrammatikası, türk xalqlarının ədəbiyyatı və folkloru, türk xalqlarının tarixi və etnoqrafiyası, türk xalqlarının incəsənəti mövzularına həsr olunmuş məruzələr dinlənildi.
Həmçinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan Elmlər akademiyalarının və Beynəlxalq Türk Akademiyasının Kitabxanaları Assosiasiyasının yaradılması ilə bağlı layihə müzakirə edilib. Layihə haqqında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova məlumat verib.
Konfrans noyabrın 15-də işini başa vurdu.
S.Qaliboğlu