Sərgi Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edən “Total” şirkətinin sponsorluğu ilə təşkil edilib

Noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın “Total” neft-qaz şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək "Total” şirkətinin ölkəmizdə fəaliyyətinin 20 illiyi münasibətilə şirkət rəhbərliyini təbrik edib. Bildirib ki, hər bir dövlətin mədəni inkişafı həm də onun iqtisadi inkişafı ilə birbaşa əlaqəlidir.

Nazir Azərbaycan ilə Fransanın istər siyasi-iqtisadi, istərsə də mədəni əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini deyib. Bildirib ki, ölkəmiz hər zaman Fransa ilə mədəni əlaqələrə önəm verir. Bu gün “Total” şirkətinin 20 illiyi münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyinin xəzinəsində qorunan və heç vaxt nümayiş olunmayan fransız mədəniyyət nümunələri sərgilənəcək. Bununla da “Total” şirkəti həm də mədəni əməkdaşlığın bünövrəsini qoyur.
Əbülfəs Qarayev onu da diqqətə çatdırıb ki, 2012-ci ilin mart ayında elə bu muzeydə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Fransa inciləri” mövzusunda sərgi keçirilmişdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran sərginin açılış mərasimində iştirak etmişdilər.
Nazir dünya neft-qaz sənayesində mühüm mövqeyə malik olan Fransa şirkətinin Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirərək uğurlu işgüzar əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Total” şirkəti ilə səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, hər iki şirkətin birgə iştirak etdiyi neft-qaz layihələrinin regional və beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulayıb.
Bildirilib ki, “Total” şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən konsorsiumda 5 faizlik iştirak payına malikdir. Şirkət, həmçinin gələn ilin ortalarında Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağında ilk quyunu qazmağa hazırlaşır.
“Total”ın baş icraçı direktoru Patrik Puyanne Azərbaycanla əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını söyləyib, əməkdaşlığın inkişafı üçün geniş perspektivlər gördüyünü, Azərbaycanda neft-qaz əməliyyatlarına sərmayə qoyuluşunu davam etdirəcəklərini deyib. “Total”ın Azərbaycan üzrə regional icraçı direktoru Denis Lemarşal isə ötən 20 ildə ölkəmizdə səmərəli fəaliyyət göstərdiklərini qeyd edib.
Tədbirdə Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez, BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Azərbaycanın və Fransanın rəsmiləri, mədəniyyət, ictimai xadimləri iştirak ediblər.
Tədbir çərçivəsində “Total”ın sponsorluğu ilə keçirilən “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin ilkin, qapalı nümayişi baş tutub.
Sərgi Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində keçirilir. Şirkətin dəstəyi sayəsində reallaşan sərgi noyabrın 26-dan 2017-ci il yanvarın 26-dək ictimaiyyət üçün açıq olacaq. Sərginin kuratoru Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.
Sərgi zəngin kolleksiyaya malik Azərbaycan Milli İncəsənət Muzeyi toplusunda xüsusi yer tutan fransız bədii mədəniyyətini sənətsevərlərə təqdim edir. Burada fransız rəssam və heykəltəraşlarının yüksək yaradıcılıq ənənələri, ideyaları müxtəlif texnikalarda yaratdıqları təsviri və dekorativ-tətbiqi sənət əsərlərində dolğun şəkildə əks olunub. Hazırda muzeyin Fransa incəsənətinə aid olan kolleksiyası 300-dən çox sənət əsərindən ibarətdir. Sərgidə kolleksiyanın bir qismi nümayiş olunur. Sərginin xronoloji çərçivəsi XVII əsrdən XX əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir. Görkəmli rəssamlar Jül Düpre, Konstan Jan Benjamin, Danyan Paskal Buvre, Qaspar Düqenin tabloları, Jan Dallen, Pyer Dreve, Jak Kallo, Şarl Klemon, Nikolya Larjomi, Robert Qaymer kimi tanınmış ustaların qravürləri, məşhur heykəltəraşlar Klod Mişel Klodion, Jan Antuan Qudon, Etyen Moris Falkone, Mari Rozali Bonerin mərmər və tuncdan yaratdığı heykəl və kompozisiyalar yüksək bədii məzmunu, ifadəliyi, kompozisiya həlli ilə diqqəti cəlb edir. Sərgidə, həmçinin XVIII əsrdən çini istehsalında bədii ifadə dərəcəsi və üslub mükəmməlliyi ilə xarakterizə olunan Fransanın Sevr manufakturası, Duqoti, Nast, Solxer, Föyye və digər zavodlarının nadir və qiymətli nümunələri təqdim olunur. Mebel, xüsusən də məşhur “Bul” markasına məxsus nümunələr, saatlar, müxtəlif metal məmulatlar, tikmə və qobelen kolleksiyası, həmçinin qadın geyiminin ayrılmaz hissəsi və sənət əsəri sayılan yelpiklər toplusu da maraqlıdır.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar