Nazir Əbülfəs Qarayev Türkiyə, İran, Niderland və Belçikanın ölkəmizdəki səfirləri ilə görüşüb

Noyabrın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin ölkəmizdəki yeni səfiri Erkan Özoralla görüşüb.
Görüşdə nazir iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, respublikamızda mədəniyyət və turizm sahələrində həyata keçirilən işlər haqqında danışıb.
Son illər Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edən Əbülfəs Qarayev bu ilin aprelində ölkəmizin BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna da uğurla ev sahibliyi etdiyini deyib: “Azərbaycan dünyada multikulturalizmin, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə öz töhfəsini verməkdədir. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Gələn il ölkəmizdə IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Artıq ənənə halını almış bu forumda dünyanın müxtəlif ölkələrindən, böyük təşkilatlardan nümayəndələr iştirak edirlər”.
Əbülfəs Qarayev iki ölkə arasında turizm sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyərək, Azərbaycanın Türkiyənin təcrübəsindən yararlandığını vurğulayıb. Bildirilib ki, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri bir sıra ölkələrlə yanaşı, Türkiyənin turizm mərkəzlərində, hotellərində də təcrübə keçirlər.
Nazir bu ilin fevralından Azərbaycanın Türkiyədə turizm nümayəndəliyinin fəaliyyətə başladığını bildirərək, bu istiqamətdə fəal iş aparıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, nümayəndəlik ölkəmizin turizm imkanlarının təbliği baxımından səmərəli əməkdaşlıq əlaqələri yaradıb.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə toxunan nazir Türkiyənin Azərbaycana bu sahədə göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.
Səfir Erkan Özoral səmimi qəbula görə təşəkkür edərək, qardaş ölkədə səfir kimi çalışmağın həm şərəfli, həm də böyük məsuliyyət olduğunu bildirib, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsi üçün səylə çalışacağını vurğulayıb.
* * *
Həmin gün nazir Əbülfəs Qarayev İranın ölkəmizə yeni təyin olunmuş səfiri Cavad Cahangirzadə ilə də görüşüb.
Nazir iki ölkə arasında əlaqələrdən söz açaraq bildirib ki, tarixi, mədəni və dini bağlılıq münasibətlərin daha da inkişaf etdirilməsinə mühüm zəmindir. Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesinin inkişafı üçün həyata keçirilən işlər haqqında danışaraq qeyd edib ki, ölkəmizin zəngin mədəniyyəti, yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına müsbət təsir göstərir.
Nazir bildirib ki, ölkəmizə gələn turistlərin sayında İran vətəndaşları da çoxluq təşkil edir. Xüsusilə bu il Novruz bayramı ərəfəsində və ondan sonrakı dövrdə İrandan turist səfərləri əvvəlki illərə nisbətən daha da artıb.
Əbülfəs Qarayev 2017-ci ildə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçiriləcəyini deyib. Nazir İran nümayəndə heyətini gələn il ölkəmizdə keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda fəal iştirak etməyə dəvət edib.
Səfir Cavad Cahangirzadə iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə edərək bu münasibətlərin daha da yüksəlməsinə çalışacağını vurğulayıb.
* * *
Noyabrın 18-də Mədəniyyət və Turizm Nazirliyində Niderlandın ölkəmizdəki səfiri Onno Kerversi ilə görüş keçirilib.
Azərbaycanın son illərdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlərlə qlobal dialoq platforması formalaşdırdığını diqqətə çatdıran nazir Əbülfəs Qarayev Niderland nümayəndə heyətini 2017-ci ildə Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib. Nazir ölkəmizin Avropa, o cümlədən Niderlanddan turist səfərlərinin artırılmasında maraqlı olduğunu vurğulayıb.
Səfir Onno Kervers səmimi qəbula görə öz minnətdarlığını bildirərək qeyd edib ki, mədəniyyət, turizm və başqa sahələrdə əlaqələrin inkişaf etməsi üçün zəruri addımlar atılacaq.
* * *
Əbülfəs Qarayev daha sonra Belçika Krallığının ölkəmizdəki səfiri Bert Schoofsla görüşüb.
Nazir bildirib ki, iki ölkə arasında əlaqələrin inkişafı üçün imkanlar var, o cümlədən mədəniyyət və turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Qeyd olunub ki, Azərbaycan zəngin mədəniyyəti ilə Avropanın müxtəlif ölkələrindən, eyni zamanda Belçikadan olan turistlərin diqqətini çəkir.
Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Əbülfəs Qarayev Belçika nümayəndə heyətini gələn il keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar