Sankt-Peterburqun “Kino evi”ndə Azərbaycanın və Rusiya kinematoqrafçılarının birgə layihəsi olan “Qafqaz qartalının uçuşu” sənədli filminin təqdimatı olub. 
   Azərbaycanın “Salnamə” və Sankt-Peterburqun “Lennauçfilm” kinostudiyalarının birgə istehsalı olan film Böyük Vətən müharibəsində Leninqradın müdafiəsi zamanı hava döyüşlərində qəhrəmancasına həlak olmuş azərbaycanlı hərbi təyyarəçi Hüseynbala Əliyevın şücaətindən bəhs edir.
   Filmin ssenari müəllifi Valentina Qurkalenko, rejissoru Tahir Əliyevdir. Yeni ekran əsərini Rusiyanın Xalq artisti İvan Krasko və Əməkdar artist Lyudmila İvanişenko səsləndiriblər. Çəkilişləri Sankt-Peterburqda və Bakıda aparılmış filmin montajı və səsləndirmə işləri Sankt-Peterburqda həyata keçirilib.
   Təqdimatda Sankt-Peterburqun tanınmış kino xadimləri, ziyalılar film haqqında fikirlərini söyləyib və gənc nəslin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsində ekran əsərinin böyük rol oynayacağını vurğulayıblar.