Professor Telman Ağdamskinin 80 illik yubileyi qeyd olundu
Noyabrın 5-də Üzeyir Hacıbəylinin ev-muzeyində görkəmli kimyaçı alim, Əməkdar müəllim Telman Ağdamskinin 80 illik yubileyi ilə bağlı tədbir keçirildi.
Öncə yubilyarın ömür yolu və elmi fəaliyyətindən bəhs edən videoslayd təqdim olundu.
Tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq Telman Ağdamskinin yubileyinin Hacıbəyli ocağında keçirilməsinin təsadüfi olmadığını dedi. Bildirdi ki, bu nəsil xalqımıza bir çox görkəmli elm, maarif, mədəniyyət, incəsənət xadimləri bəxş edib. Telman Ağdamski görkəmli opera müğənnisi, Əməkdar incəsənət xadimi Əhməd Ağdamskinin ailəsində böyüyüb. Ə.Ağdamski Üzeyir bəyin xalası oğlu olub.
Akademik Vaqif Abbasov çıxışında peşəsinin vurğunu, alim və müəllim adına şərəf gətirən Telman Ağdamskiyə təbriklərini çatdırdı: “Fəxr edirəm ki, Telman Ağdamskinin tələbəsi olmuşam. Bəlkə də o mənə dərs deməsəydi, bu zirvəyə çata bilməzdim. İntizam mədəniyyəti olmayan şəxs cəmiyyətdə yer tuta bilməz. Biz intizam mədəniyyətini Telman müəllimdən öyrənmişik”.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirdi ki, Üzeyir Hacıbəyli çoxlarımızın müəllimi olub: “Bu əlamətdar yubiley tək Telman müəllimin yox, həm də Ağdamskilərin, Əlverdibəylilərin və Hacıbəylilərin bayramıdır... Bu nəsil Azərbaycan mədəniyyətinə çox töhfələr verib”.
AMEA-nın müxbir üzvü Ziya Əsədov, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə müdiri Elza Salahova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Nailə Verdizadə və başqaları T.Ağdamskinin elmi fəaliyyəti və yetirmələri haqqında danışdılar. Bildirildi ki, atası öz adını Azərbaycanda musiqili teatr tarixinə qızıl hərflərlə yazdığı kimi, o da elm sahəsində yetişdirdiyi istedadlı alimlərlə tarixə düşüb. Görkəmli alim-pedaqoq öz ədəb-ərkanı ilə də bir ziyalı örnəyidir.
Çıxışlardan sonra vaxtilə Əhməd Ağdamskinin Ağdaş rayonunda açdığı musiqi məktəbinin məzunu, kamança ifaçısı, Xalq artisti Munis Şərifov və muğam müsabiqəsi qaliblərinin ifasında “Güllü qafiyə”, “Bəh-bəh”, “Qaragilə” və s. mahnılar səsləndirildi.
Sonda T.Ağdamski tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Savalan Fərəcov