Azərbaycan

11 noyabr 1907 - Şair, dramaturq Mirmehdi Həsən oğlu Seyidzadə (1907 - 31.8.1976) Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində doğulub. İbtidai təhsilini İranın Məşhəd şəhərində alıb. 1920-ci ildə ailəliklə Bakıya köçüb. Uşaqlar üçün şeirlər, mənzum nağıllar, kiçik pyeslər yazıb. Rus ədiblərinin əsərlərini dilimizə tərcümə edib.
11 noyabr 1921 - Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 1921 - 24.4.2011) Bakıda anadan olub. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana, Ərdəbil şəhərinə köçüb, milli azadlıq hərəkatına qoşulub. Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub. Sonra yenidən Bakıya qayıdıb, ADU-nun filologiya fakültəsini bitirib, ədəbi yaradıcılığını davam etdirib.
11 noyabr 1934 - Xalq artisti, görkəmli xanəndə, pedaqoq İslam Tapdıq oğlu Rzayev (1934 - 28.1.2008) anadan olub. 20 ilə yaxın Muğam Teatrının bədii rəhbəri olub, 100-dən çox gənc ifaçı yetişdirib.
11 noyabr 1948 - Energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının tikintisi bölgədə iri sənaye mərkəzinin yaranmasına təkan verdi.
11 noyabr 1951 - Xalq artisti, aktyor, rejissor İsmayıl Hidayətzadə (19.8.1901 - 1951) vəfat edib. 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti dekadasında quruluş verdiyi "Koroğlu" və "Arşın mal alan" tamaşaları böyük uğur qazanıb. İlk milli baletimiz olan "Qız qalası"nın librettosunu yazıb. Bir neçə filmdə ("Qız qalası", "Almaz") çəkilib.

12 noyabr Azərbaycanda Konstitusiya Günüdür. 1995-ci il noyabrın 12-də yeni Konstitusiyanın qəbulu ilə bağlı ümumxalq referendumu və çoxpartiyalılıq əsasında ilk parlament seçkiləri keçirilib. Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr Konstitusiya Günü elan edildi.
12 noyabr 1950 - Əməkdar artist Pərviz Sadıq Saleh oğlu Bağırov anadan olub. 1972-ci ildən Milli Dram Teatrında çalışır. “Azərbaycanfilm”də bir çox ekran əsərinin səsləndirilməsində, filmlərin dublyajında iştirak edib.

13 noyabr 1945 - Xalq artisti Elmira Məhərrəm qızı İsmayılova İrəvanda doğulub. 1968-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisasıdır.
13 noyabr 1960 - Kinorejissor, rəssam, Əməkdar incəsənət xadimi Şamil Kamil oğlu Nəcəfzadə anadan olub. Filmləri: “Qala” (ssenari müəllif və rejissor), “Cin mikrorayonda”, “İmtahan” (rəssam).
13 noyabr 1983 - Kinooperator, Əməkdar incəsənət xadimi Əsgər Cəfər oğlu İsmayılov (1905, Tiflis - 1983) vəfat edib. Filmləri: “Qara daşlar”, “Kölgələr sürünür” və s.

14 noyabr 1925 - Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 - 26.12.1995) anadan olub.
14 noyabr 1942 - Xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942 - 23.7.2011) Cəlilabad rayonunda anadan olub. İfasında lentə alınan muğam və xalq mahnıları (“Çahargah”, “Rast”, “Qarabağın maralı”, “Şuşanın dağları” və s.) teleradionun “qızıl fond”unda saxlanılır.
14 noyabr 1967 - Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 - 1967) vəfat edib. "Arşın mal alan" (1945) filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.
14 noyabr 2006 - Tanınmış estrada müğənnisi, Xalq artisti Oqtay Ağayev (7.11.1934 - 2006) vəfat edib. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin solisti olub.

15 noyabr 1927 - Xalq artisti, rəqqasə Xumar Rza qızı Zülfüqarova anadan olub. Opera və Balet Teatrının solisti, Dövlət Mahnı və Rəqs Ansamblının, Dövlət Filarmoniyasının baletmeysteri olub. Tamaşalarda rəqslərə quruluş verib, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib. "Şöhrət" ordeni ilə təltif olunub.
15 noyabr 1933 - Ədəbiyyatşünas alim, professor Firudin Cəlal oğlu Hüseynov (1933 - 31.8.1986) anadan olub. BDU-nun Filologiya fakültəsinə, Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.

Dünya

11 noyabr 1821 - Böyük rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (1821 - 9.2.1881) anadan olub. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” romanlarının, povest və hekayələrin müəllifidir.
11 noyabr 1944 - Məşhur türk aktyoru Kamal Sunal (1944 - 3.7.2000) anadan olub. 100-ə yaxın filmdə çəkilib: “Salako”, “Hababam sinfi”, “Tosun Paşa”, “Zibilçilər kralı”, “Qərib Şaban”, “Kreslo bəlası” və s.
11 noyabr 1962 - Amerika aktrisası Demi Mur (Demi Moore) anadan olub. Filmləri: “Kabus”, “Ədəbsiz təklif”, “İfşa” və s.

12 noyabr 1840 - Fransız heykəltəraşı, heykəltəraşlıqda impressionizmin (“Mütəfəkkir” heykəli) banilərindən biri Fransua Ogüst Roden (François-Auguste-Rene Rodin; 1840-1917) anadan olub.
12 noyabr 1929 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Rolan Bıkov (1929-1998) anadan olub. Çəkildiyi filmlər: “12 stul” (Mark Zaxarovun quruluşunda, Fyodor ata), “Əlibaba və 40 quldurun macəraları” (sovet-hind filmi) və s.
12 noyabr 1935 - SSRİ Xalq artisti Lyudmila Markovna Qurçenko (1935 - 30.3.2011) anadan olub. Filmləri: “Mexanik Qavrilovun sevimli qadını”, “İki nəfər üçün vağzal” və s.

13 noyabr 1745 - Fransız xeyriyyəçisi, pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy (Valentin Haüy, 1745-1822) anadan olub. Onun doğum günü şərəfinə 13 noyabr “Beynəlxalq gözdən əlillər günü” kimi qeyd olunur.
13 noyabr 1850 - İngilis (şotland əsilli) yazıçı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (Robert Louis Stevenson, 1850- 3.12.1894) anadan olub. Əsərləri: “Dəfinələr adası”, “Şahzadə Otto”, “Qara ox” və s.
13 noyabr 1921 - Finlandiya bəstəkarı Yonas Kokkonen (Joonas Kokkonen, 1921-1996) anadan olub.

14 noyabr 1840 - Fransız rəssamı, impressionizmin banilərindən biri Klod Mone (Oscar-Claude Monet; 1840-1926) anadan olub. Əsərləri: "Təəssürat. Doğan günəş”, "Kaputsin bulvarı", "Bağda qadınlar" və s.
14 noyabr 1907 - İsveç yazıçısı Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson, 1907- 28.1.2002) anadan olub. Uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”, “Uzuncorab Pippi” və s.) müəllifidir.
14 noyabr 1924 - Dünya şöhrətli skripkaçı, SSRİ Xalq artsiti Leonid Borisoviç Koqan (1924 - 17.12.1982) anadan olub.

15 noyabr 1862 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1912) laureatı Gerhart Qauptman (Gerhart Johann Robert Hauptmann, 1862 - 6.6.1946) anadan olub. “Atlantida”, “Kabus” romanları, “Tənhalar”, “Kasıb Henrix”, “Qış balladası” və s. pyeslərin müəllifidir.
15 noyabr 1916 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (Henryk Adam Aleksander Pius Sienkiewicz; 5.5.1846 - 1916) vəfat edib. Əsərləri: "Quo Vadis" (rus nəşrlərində "Kamo qryadeşi" - “Hara gedirsən”), "Polonetskilər ailəsi", “Xaçpərəstlər”, “Od və qılıncla” və s.

Hazırladı: Vüqar Orxan