Noyabrın 5-də Göyçay rayonunda ənənəvi Nar bayramı keçirilib. Bu il doqquzuncu dəfə təşkil olunan tədbir möhtəşəmliyi ilə əvvəlkilərdən fərqlənib.
Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar. Kitab sərgisi, əl işləri və qədim sənət növləri maraqla izlənilib. Folklor rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları bayrama əlavə rəng qatıb.
Festival iştirakçılarına məlumat verilib ki, Göyçayda narın 67 sortu yetişdirilir. Azərbaycanda toplanan nar məhsulunun təxminən 30 faizi Göyçayın payına düşür. Bu il rayonda bol məhsul yetişib. İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 48 min tondan çox olacaq.
Dünya bazarında böyük tələbat duyulan narın bir çox müalicəvi xüsusiyyətləri var. Onun şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur.
Bayrama qatılan yerli və xarici qonaqlar əl ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın, eləcə də isti təndir çörəyinin, pendirin, yuxa, kətə, kabab və döşəməli plovun, müxtəlif şirniyyatların dadına baxıblar. Tədbir iştirakçılarına bayram münasibətilə hazırlanan milli xörəklər də təqdim olunub.
Narla bağlı şeir və mahnılar səsləndirilib, rayon bədii özfəaliyyət kollektivlərinin, mahnı-rəqs qruplarının, aşıqların, musiqi məktəbində təhsil alan şagirdlərin, idmançıların çıxışları böyük maraqla qarşılanıb, müxtəlif mədəni-əyləncəli proqramlar təşkil edilib.