Bəstəkar Ramiz Mustafayevin 90 illiyinə həsr olunan gecə 
   
   Xəbər verdiyimiz kimi, görkəmli bəstəkar, Xalq artisti, professor Ramiz Mustafayevin (1926-2008) 90 illiyinə həsr olunmuş musiqi festivalı keçirilir. Festival çərçivəsində noyabrın 23-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunan “Ötən illərin nəğmələri” adlı gecə musiqisevərlərə yaddaqalan anlar bəxş elədi. 
   
   Əvvəlcə sənətkarın ömür yolunu əks etdirən videoçarx nümayiş olundu.
   Azərbaycan Milli Konservatoriyasının prorektoru, dosent Lalə Hüseynova çıxış edərək Ramiz Mustafayevin milli musiqi xəzinəmizə verdiyi töhfələrdən söz açdı. Aparıcılar Nurlana Cəfərova və Ruslan Həsənov bəstəkarın həyat və yaradıcılığından söz açdılar. 
   Bildirildi ki, görkəmli sənətkar 50 ildən artıq yaradıcılığı dövründə musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb, 6 opera (“Vaqif”, “Polad”, “Şirin” və s.), 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romans, 200-dən artıq xalq mahnısı, xor üçün işləmələrin müəllifidir. 
   R.Mustafayev eyni zamanda Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. Musiqi sənətimizin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb. 
   Sonra konsert proqramı təqdim edildi. Proqramda Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada simfonik orkestrinin müşayiəti ilə əməkdar artistlər Zakir Əliyev, İnarə Babayeva, Gülnaz İsmayılova, Almaz Orucova, Fərid Əliyev, solistlərdən Kənan Qədimov, Səbinə Ərəbli, Sərxan Bünyadzadə və başqaları çıxış etdi. Bəstəkarın “Şamaxı”, “Yadıma sən düşürsən”, “Məhəbbət sultanı”, “Bakının ulduzları”, “Azərbaycan”, “Küçəmizdən keçəndə sən” və s. mahnıları ifa olundu.
   
   Savalan Fərəcov