“Gənclər-innovasiyalar-kitabxanalar” Azərbaycan-Rusiya elmi-praktik konfransının yekunları haqqında
   
   2-3 noyabr tarixində bir qrup rusiyalı mütəxəssis Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən “Gənclər-innovasiyalar-kitabxanalar” konfransında iştirak etmişdir. Qədim Gəncədə keçirilən konfrans bu şəhərin “2016-cı il Avropa Gənclər paytaxtı” seçilməsinə həsr olunmuşdu. Rusiya nümayəndə heyətinin tərkibinə İ.S.Turgenev adına Moskva kitabxana-qiraətxanasının direktoru Aleksandra Vaxruşeva, Boqolyubov qəsəbə kitabxanasının müdiri Olqa Andon, Leninqrad vilayətinin Tixvin şəhərindəki “Teffi” kitabxana-sosiomədəni mərkəzinin əməkdaşı Yekaterina Popova, “Raduqa-Lik” şirkətinin marketinq şöbəsinin rəisi Vladimir Lyutetski və bu sətirlərin müəllifi daxil idi.
   
   Konfransın mövzusu onun əsas istiqamətini müəyyən etdi: kitabxanaların formalaşmaqda olan rəqəmsal cəmiyyətə inteqrasiyası yollarının axtarışı. Bu cəmiyyətdə istənilən informasiyanın ötürülməsinin əsas infrastrukturu kompüter şəbəkələridir. İki ölkənin kitabxanaçılarını birləşdirən onların qarşısında duran problemlərin oxşarlığıdır, çünki dəyişən şəraitdə ənənəvi kitabxana xidmətlərindən istifadə edən insanların sayı get-gedə azalmaqdadır. Kitabxanalar öz mövcudluğunu qoruyub saxlamaq üçün işin yeni formalarını tapmalı və öz ölkələrinin vətəndaşlarına elə xidmətlər təklif etməlidirlər ki, onlara həm bu gün, həm də yaxın perspektivdə tələbat olsun.
   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva konfrans iştirakçılarına müraciətlə söylədikləri təbrik nitqlərində bu mühüm məsələləri qeyd etdilər. 
   “Hər şeyin dəyişdiyi dünya: rəqəmsal texnologiyaların nailiyyətləri, inkişaf perspektivləri və onların informasiya-kommunikasiya sistemlərinə təsiri” mövzusunda əsas məruzəni bu sətirlərin müəllifi təqdim etdi. Bəşəriyyətin müasir texnoloji inkişafı bütün sahələrdə innovasiya proseslərinə obyektiv imkan yaradır. Bu baxımdan, informasiya kommunikasiyaları da istisna deyil, ona görə bu gün kitabxanaları qoruyub saxlamaq üçün onların vəzifələrinə və fəaliyyətinə tamamilə yeni mövqedən yanaşmaq tələb olunur. Mətbu nəşrlərə tələbatın azalması ümumiyyətlə biliklərə tələbatın azalması demək deyil və kitabxanalar biliyin bütün formalarını dəstəkləyərək öz fəaliyyətlərini genişləndirməlidirlər. Məhz kitabxanalar bütün fəaliyyət sahələrində, məsələn, üçölçülü çap qurğusu kimi yeni qurğularla işləməyin öyrənilməsi, yeni yaranan peşələrlə tanışlıq və ya bütün yaş kateqoriyalarından olan istifadəçilər üçün intellektual asudə vaxtın təşkili kimi innovasiyaların yaranmasını və tətbiqini təmin edən intellektual-innovasiya mərkəzlərinə çevrilməlidirlər.
   Rusiya Federasiyası Mədəniyyət Nazirliyi ölkə kitabxanalarının ən qısa müddətdə transformasiyası üçün şərait yaradılmasına yönəlmiş mütəmadi iş aparır. Nazirliyin təşəbbüsü ilə “Kütləvi kitabxananın fəaliyyətinin model standartı” yaradılmışdır və Rusiyanın bütün kütləvi kitabxanalarının bu model standartına uyğunluğunun monitorinqi üzrə sistem işlənib hazırlanır. Kitabxanaların işinin keyfiyyətinin yüksəldilməsi üzrə fəaliyyətin daha intensiv olması üçün kitabxana işçilərinin peşəkar attestasiyası üzrə distant sistem yaradılmışdır. Bu sistem attestasiyanın obyektiv, operativ keçirilməsinə və ucuz başa gəlməsinə imkan verir.
   İnnovasiyalı inkişafın istiqamətlərindən biri də elektron kitabxanaların formalaşmasıdır. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədovanın çıxışı bu mövzuya həsr edilmişdi. O, konfrans iştirakçılarının diqqətini Azərbaycanın vahid elektron kolleksiyasının yaradılması məsələsinə cəlb etdi. Respublikanın kütləvi kitabxanalarının birgə səyləri sayəsində formalaşdırılan və ölkənin kitabxana fondunun özəyini əks etdirməli olan bu kolleksiya beləliklə Azərbaycanın mədəni həyatında əlamətdar hadisə olacaq.
   Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova çıxışında milli elektron kitabxananın yaradılması təcrübəsi barədə məlumat verdi.
   Konfrans iştirakçıları Sibirin uzaq Minusinsk şəhərindən bu tədbirə birbaşa qoşulma nümunəsində bir daha əmin oldular ki, yeni texnologiyalar prinsipcə yeni imkanlar verir. Minusinsk şəhərindəki A.T.Çerkasov adına kitabxana-filialın müdiri Pavel Pelevinin təqdim etdiyi video-ekskursiya əyani şəkildə nümayiş etdirdi ki, adi şəhər kitabxanası işin əsas məzmunu yerli sakinlərin ehtiyacları ilə müəyyən olunan əsl yaradıcılıq təşəbbüsləri məkanına çevrilə bilər. 
   Vladimir Lyutetski öz məruzə-təqdimatında yeni tipli kitabxanalar üçün təzə dizayner həllərini, mebeli, avadanlığı və texnologiyaları əlaqələndirən innovasiyalı həllər kompleksi təklif etdi. Bununla bərabər, o xüsusi olaraq vurğuladı ki, kitabxananın yenilənməsi prosesində əsas amil bunun üçün ayrılan maliyyə vəsaitlərinin həcmi deyil, kitabxanaçıların özlərinin bunu istəməsi və transformasiya yollarını düzgün təsəvvür etməsidir. Hansı məsələləri reallaşdırmaq lazım olduğunu məhz kitabxanaçılar müəyyən edir və hər bir konkret halda bu məsələlərin həlli üçün münasib kitabxana məkanı yaradılır və texnoloji qərarlar qəbul edilir.
   İ.S.Turgenev adına Moskva kitabxana-qiraətxanasının direktoru Aleksandra Vaxruşeva məruzəsində əsas diqqəti şəhər mühitində geniş kitabxana-media layihələrinə yönəltdi. Kitabxana oxucuları gözləməklə kifayətlənməyib, həm də özü oxucuların daha çox cəmləşdiyi yerlərdə onlarla görüşə getməlidir. Söhbət Moskva metrosunda reallaşdırılan “Mütaliə edən Moskva” layihəsindən gedirdi. Rusiya Kitab İttifaqının və İ.S.Turgenev adına kitabxana-qiraətxananın birgə səyləri ilə bu layihənin reallaşdırılması prosesində Moskva metropoliteninin qatarlarından biri tamamilə yenidən tərtib edilərək kitabxanaya çevrilmişdi - qatarın vaqonlarının divarlarına kitab rəfləri şəkilləri, müxtəlif müəlliflərin əsərlərindən sitatlar yapışdırılmış, metronun sxemi isə ədəbi sxemlə əvəz edilmişdi - sxemdə bütün stansiyaların adları həmin stansiyaların yazıçılarla və ya ədəbi personajlarla əlaqəsindən asılı olaraq dəyişdirilmişdi. 
   “Mütaliə edən Moskva” qatar-kitabxana layihəsi böyük ictimai rezonansa səbəb oldu və Omsk kitabxanaçıları bu layihənin nümunəsi üzrə kitabxana-trolleybus layihəsinə başladılar.
   Suzdal Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Boqolyubov qəsəbə kitabxanasının müdiri Olqa Andon qeyd etdi ki, kitabxanalarda dəyişikliklər ilk növbədə kitabxanaçılardan başlanır. Məhz onun şəxsi təşəbbüsü tamamilə adi yerdə görkəmli kitabxana yaratmağa imkan vermişdir. Yerli və beynəlxalq peşəkar müsabiqələrində qələbələr kitabxananın maddi bazasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa, sözün hərfi mənasında onun adını Rusiyanın kitabxanalar xəritəsinə daxil etməyə imkan vermişdir. Bu dəyişikliklərin bilavasitə nəticəsi ondan ibarət oldu ki, ənənəvi kitabxana, intellektual mərkəz və asudə vaxt klubu funksiyalarını özündə birləşdirən, qəsəbənin yaradıcı düşüncəli bütün sakinləri üçün cəlbedici məkan olan yeni tipli kitabxana kimi məhz bu filial seçildi. Beş il ərzində adi kitabxanadan model kitabxanaya çevrilən bu filial 2013-cü ildə “Rusiyanın ən yaxşı kitabxanası” adına layiq görülmüşdür.
   Leninqrad vilayətinin Tixvin şəhərindəki “Teffi” sosiomədəni mərkəzinin kitabxanaçısı Yekaterina Popovanın çıxışı müasir kitabxananın sosiomədəni fəaliyyətini əks etdirirdi. O, konfrans iştirakçılarının diqqətini kitabxananı regionun intellektual-mənəvi həyatının mərkəzinə çevirmək məqsədilə müxtəlif tədbirlərin təşkili təcrübəsinə cəlb etdi. Stolüstü oyunlar, tarix və ədəbiyyat kvestləri, ekskursiya və viktorinalar, klubların işi və fləş-mobların təşkili - bütün bu tədbirlərin məqsədi şəhər sakinlərinin asudə vaxtını yaradıcı fəaliyyətə sərf etmələrinə və kitabxananın istifadəçilərinin öz potensiallarını aktivləşdirməsinə imkan yaratmaqdır. Səciyyəvi haldır ki, bütün layihələr mütəmadi keçirilən, tutduqları vəzifələrdən və iş təcrübəsindən asılı olmayaraq kitabxananın bütün əməkdaşlarının fəal iştirak etdiyi “beyin həmlələri” prosesində reallaşdırılmaq üçün seçilir.
   Konfransın azərbaycanlı iştirakçıları respublikanın müxtəlif kütləvi kitabxanalarını təmsil edirdi. Onlar öz layihələrinin reallaşdırılması təcrübəsi barədə məlumat verdilər. Sabirabad rayon MKS-nin operatoru Aynurə Azayeva kitabxanaların uşaq və yeniyetmələrlə işindən danışdı. Bakı şəhəri Binəqədi rayon MKS-nin şöbə müdiri Şəfiqə Ağayeva innovasiyaların, o cümlədən fandreyzinq layihələrinin tətbiqi təcrübəsini bölüşdü. Astara rayon MKS-nin şöbə müdiri Natəvan Mədətzadə müasir rayon kitabxanasının işinin xüsusiyyətləri, o cümlədən özünün təmsil etdiyi kitabxana nümunəsində elektron kataloqun formalaşması mərhələləri barədə söhbət açdı. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kitabxanaçısı Sona Yaqubova virtual məkanda oxucuların cəlb edilməsi metodları barədə, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri Vəfa Ağamirzəyeva isə müasir kommunikasiya texnologiyalarının kitabxanalara gətirdiyi dəyişikliklər haqqında danışdı.
   Konfransda səslənmiş məruzələrin çoxu iştirakçıların böyük marağına səbəb oldu. Bakı şəhəri Binəqədi rayon MKS-nin direktoru Rəna Biləndərli, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, Qusar rayon MKS-nin direktoru Zahir Mustafayev, Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov, Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova və Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva müzakirələrdə fəal iştirak etdilər.
   Konfrans iştirakçıları tədbirin yekunlarına əsasən bir sıra təkliflər hazırladılar. Həmin təkliflərin reallaşdırılması Azərbaycan kitabxanalarında dəyişikliklərin sürətlənməsinə imkan yaratmalıdır. Əhəmiyyətli addımlardan biri kütləvi kitabxananın standarta uyğunluğunun dəqiq meyarlarını ehtiva edən və beləliklə, respublikanın bütün kitabxanaları üçün oriyentir olacaq modelin hazırlanmasıdır. Kitabxanaların innovasiya fəallığını yüksəltmək üçün hər il və ya iki ildə bir dəfə kitabxana innovasiyaları müsabiqələri keçirmək məqsədəuyğun olardı: bu müsabiqələrə təqdim edilən ən maraqlı innovasiyalar respublikanın kitabxanalarında tətbiq oluna bilərdi. Bu, yaxın perspektivdə sahənin kadr ehtiyatını təşkil edəcək bütün təşəbbüskar və yaradıcı düşüncəli əməkdaşları tədricən aşkar etməyə imkan verəcək. 
   Azərbaycanın kitabxana cəmiyyətində yeni təfəkkür tərzini təmin etmək üçün kitabxana işi sahəsində distant təhsil əsasında vahid açıq milli təhsil sisteminin formalaşmasına başlamaq tövsiyə olunur. Bu sistemin yaradılması kitabxanaçıların hazırlanması üzrə ali məktəb proqramının tədris fənlərinin yeni məzmun kəsb etməsinə və eyni zamanda bütün ölkə üzrə kitabxanaçı-praktiklərin kütləvi şəkildə yenidən hazırlanmasını həyata keçirməyə imkan verəcək. Sistemin elementlərindən biri kitabxanaçıların peşəkar attestasiyası altsistemi ola bilər.
   Daha fərdi xarakterli tövsiyələrdən biri aparıcı videohostinqlərin birində ölkənin bütün kütləvi kitabxanaları üçün vahid videokanal təşkil edilməsidir. Bu, respublikanın bütün kitabxanalarının təcrübəsini bir yerdə cəmləşdirməyə imkan verəcək, həmin təcrübənin daha da populyarlaşmasını və irəliləyişini təmin edəcək.
   Konfransın təşkilatçıları tərəfindən bu tədbirin elmi hissəsindən əlavə, iştirakçılar üçün xüsusi mədəni proqram tərtib edilmişdi. Konfransın birinci günündə gözəl şəhər parkına və Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi. İştirakçılar üçün kamera musiqisi, Azərbaycan muğamı və folklor kollektivlərinin çıxışlarından ibarət maraqlı konsert proqramı da hazırlanmışdı.
   Rusiya nümayəndə heyətinin bütün üzvləri səmimi qəbula və əsl Qafqaz qonaqpərvərliyinə valeh olduqlarını gizlətmədən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə səmimi minnətdarlıqlarını bildirdilər. 
   
   Vadim Stepanov
   Moskva Dövlət Mədəniyyət İnstitutunun dosenti