Azərbaycan Dövlət Musiqili Teatrında özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb. Noyabrın 20-də Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyasının növbəti nümayişi sənətkarın 85 illiyinə həsr olunub.
   Tamaşanın nümayişindən əvvəl teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edərək Mobil Əhmədovun həyat və yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Mobil Əhmədov 40 ilə yaxın Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, 70-dən çox tamaşada müvəffəqiyyətlə çıxış edib. O, uzun illər “O olmasın, bu olsun” tamaşasında Sərvər rolunu oynayıb. 
   Yüksək ifaçılıq qabiliyyətinə malik olan M.Əhmədovun 600-dən çox lent yazısı, 40 valı qalıb. Eyni zamanda o, müəllim-pedaqoq kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Uşaq Filarmoniyasında və 22 nömrəli Uşaq musiqi məktəbində tələbə və şagirdlərə vokal sənətinin sirlərini öyrədib.