“Mən bu qədim ölkəyə onun mədəni sərvəti qarşısında heyrətimi ürəyimdə saxlayaraq gəlmişəm. Bu ölkənin tolerantlıq və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur. Azərbaycan Qərblə Şərq arasında qapı sayılır. İndi zaman gəlib ki, Qərb Azərbaycan xalqının sərvətlərini yenidən kəşf etməlidir”.
2002-ci il 22 may. Roma Papası II İohann Pavel Azərbaycana səfərinə bu sözlərlə başlamışdı. Dünyanın mürəkkəb dövrü idi. 2001-ci ilin 11 sentyabrından sonra dünyada ayırıcı xətlər dərinləşmiş, sivilizasiyalararası savaşla bağlı mülahizələr beynəlxalq gündəmi zəbt etmişdi. Bir çox dairələrdən körüklənən gərginliyi yumşaltmaq üçün addımlar atmaq lazım idi. Belə bir dövrdə Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə dünya katoliklərinin rəhbəri Bakıya gəldi və buradan dünyaya dialoq mesajı verdi, ölkəmizin tolerantlıq ruhunu heyranlıqla dilə gətirdi.
Tarixdən bu günə örnək missiya
Azərbaycanın tarixən müxtəlif dinlərin, mədəniyyətlərin dinc yanaşı yaşadığı məkan olması bu qlobal prosesdə öncül yer almasını zəruri edirdi. Miladdan əvvəl atəşpərəstliyin, yeni eranın ilk əsrlərində xristianlığın yayıldığı ölkə həmin inancların məbədlərini bu gün də yaşadır. Uca Yaradanın sonuncu peyğəmbərlə bəşəriyyətə göndərdiyi İslam dini bu torpaqda yayılandan sonra dünyanın ən qədim məscidlərindən biri Azərbaycanda (Şamaxı, 743-cü il) tikildi. Əsrlər öncə bu yerlərdə məskən salan yəhudilər indi də din ocaqlarını, dəyərlərini yaşadırlar. XIX yüzillikdə tarixin bəlli yelləri ilə buralara köç edən pravoslav rusların kilsələri, protestant almanların kirxaları da öz yerindədir. Hətta bir zamanlar xalqımızın süfrə açdığı bugünkü üzdəniraq qonşuların kilsəsi də Bakının mərkəzində qərar tutmaqdadır. Baxmayaraq ki, onlar işğal etdikləri torpaqlarımızda məscidləri, inanc yerlərimizi viran qoyublar. Azərbaycan xalqının tolerantlığı belə bədnam toplumların barbarlığı fonunda hər zaman ucada dayanıb.
Azərbaycandakı multikultural mühit mədəni irsimizdə, ədəbiyyatımızda da əksini tapıb. “Yeddi gözəl”lə xalqlar dostluğunu tərənnüm edən Nizamidən bu yana bir çox ədib və mütəfəkkirlərimizin əsərləri dünyaya dostluq şüaları yayıb. Abdulla Şaiq “Həpimiz bir günəşin zərrəsiyik!” qənaəti, Məhəmməd Hadi “Qardaşız, qardaşız, ey insanlar” çağırışı ilə bəşəriyyətə xitab edib. Yüz il əvvəl fərqli mədəniyyətlərin, dinlərin bir araya gəldiyi, Şərq muğamı ilə Qərb musiqisinin həmahəng olduğu Bakı dünyanın ən multikultural şəhəri idi. 1918-ci ildə müsəlman aləminə mütərəqqi dövlət nümunəsini - respublikanı bəxş edərək sivilizasiyalararası dialoqa qapı açan Azərbaycanın yüz il sonra yenə tolerantlıq, çoxmədəniyyətlilik örnəyi olması artıq tarixi bir missiyadır.
Çoxmədəniyyətlilik zənginlikdir
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra milli-mədəni müxtəlifliyin təşviq edilməsi dövlət siyasətinin prioritetlərindən oldu. “Azərbaycan yüzillərlə bu torpaqda yaşayan bütün insanların vətəni olub, bundan sonra da vətəni olmalıdır” - ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda etdiyi tarixi çıxışın əsas tezislərindən biri bu idi. O hər zaman bir fikri xüsusi vurğulayırdı ki, çoxmillətli, çoxmədəniyyətli ölkə olmağımız bizim sərvətimizdir və bunu qoruyub saxlamalı, nümunə kimi dünyaya layiqincə təqdim etməliyik.
Bu siyasətin vacib ünsürlərindən biri də sivilizasiyalararası ünsiyyətə zəmin yaradan beynəlxalq təşəbbüslərdir. 1998-ci ildə Bakıda tarixi İpək Yolu ilə bağlı beynəlxalq konfransın keçirilməsi bu istiqamətdə ilk addım oldu. Konfrans iqtisadi işbirliyini ehtiva etsə də, strateji məqsəd nəhəng coğrafiyada Şərq-Qərb dialoquna meydan açılması idi. Azərbaycan mədəniyyətlərarası dialoqda oynadığı rolu yeni müstəviyə yüksəltdi və bu gün Şərqlə Qərb, Şimalla Cənub arasında körpü olmaqla yanaşı, multikultural mühiti ilə dünyaya örnək ölkədir. Dünyanın istənilən yerindən gələn əcnəbi öz dünyagörüşü, dini baxışı və digər fərqli cəhətləri ilə burada heç bir narahatlıq yaşamır, tolerant sosiomədəni müstəvidə özünü arxayın hiss edir.
Fərqli baxışlar arasında anlaşma arayışı
Bu gün dünya qarşısında duran ən mühüm məsələlərdən biri sivilizasiyalararası münasibətlərin nizamlanmasıdır. 2001-ci ilin 11 sentyabrının ardınca Yaxın Şərqdə cərəyan edən qanlı toqquşmalar, bu regiondan on minlərlə insanın Avropaya köç etməsi ilə Şərq-Qərb münasibətlərinin gərilməsi mövzunu xüsusilə aktual edib.
Bununla bağlı beynəlxalq forumlar keçirilir, qurumlar təsis olunur. 2005-ci ildə Türkiyə və İspaniya baş nazirləri tərəfindən irəli sürülən, daha sonra BMT müstəvisinə salınan “Sivilizasiyalar Alyansı” təşəbbüsü də bu qəbildəndir.
Ölkəmiz də bu prosesdə aktiv rol oynayır. 2008-ci ilin dekabrında Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzulu konfransda ilk dəfə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin mədəniyyət nazirlərini bir araya gətirən Azərbaycan qlobal dialoq üçün tarixi fürsət yaratdı. Konfransda çıxış edən Prezident İlham Əliyev mədəniyyətlərarası dialoqla bağlı “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü: “Mən çox istərdim ki, bu gün başlanan “Bakı Prosesi” uzunmüddətli olsun. Belə tədbirlərin keçirilməsi ənənəyə çevrilsin”.
Konfransda mədəniyyətlərarası dialoqa dair “Bakı Bəyannaməsi” qəbul olundu. Bir il sonra paytaxtımızda müsəlman ölkələri mədəniyyət nazirlərinin toplantısına Avropa ölkələri də dəvət edildi. Konfrans “Bakı Prosesi” - sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı sənədin qəbulu ilə yekunlaşdı. 2010-cu ilin sentyabrında Prezident İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında ölkəmizin mədəniyyətlərarası dialoq üzrə Dünya Forumunu keçirmək niyyətini bəyan etdi. 2011-ci ilin aprelində Azərbaycan paytaxtı bu Foruma ev sahibliyi etdi və “Bakı Prosesi” beynəlxalq platformaya çevrildi. Həmin ilin oktyabrında bu istiqamətdə daha bir təşəbbüs - Bakı Beynəlxalq Humanitar Forumu reallaşdı. Ötən müddətdə Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumu üç dəfə, Beynəlxalq Humanitar Forum beş dəfə toplanıb.
İnklüziv cəmiyyətlərdə birgəyaşayış - Azərbaycan modeli
2016-cı il 25-27 aprel tarixində Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu həm miqyasına, həm də mahiyyətinə görə ölkəmizin müstəqillik tarixində ev sahibliyi etdiyi ən mötəbər beynəlxalq toplantı idi. Foruma dövlət və hökumət başçıları, nazirlər, digər rəsmilər, beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla, 147 ölkədən 3 mindən artıq iştirakçı qatılmışdı. Forumun məkanı kimi mövzusu da təsadüfən seçilməmişdi: “İnklüziv cəmiyyətlərdə birgəyaşayış”. Multikuturalizm təkcə fərqli milli, mədəni, dini, irqi mənsubiyyətlərin, dünyagörüşlərinin yanaşı mövcudluğu demək deyil, o həm də cəmiyyətin özünüifadə baxımdan bütün həssas təbəqələrinə belə bir imkanı təmin etmək deməkdir. İnklüziv cəmiyyət bütün fərdlərini içinə alan, qarşılıqlı anlaşma üzərində qurulan cəmiyyətdir. Azərbaycanda bu dəyərlər hər zaman güclü olub. Son tikəsini qonşusu ilə paylaşmaq, yada doğma kimi yanaşmaq, qonaqpərvərlik və şəfqət ölkəmizdəki multikultural mühitin seçkin cəhətləridir. Dövlətimizin sosial-iqtisadi və mədəni siyasəti inklüzivlik fəlsəfəsi üzərində köklənib. Bu kontekstdə Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi qeyd etmək gərəkdir.
Qlobal Forum da Azərbaycanın bu sahədə təcrübəsinin nümayişi, bu zəmində fikir mübadiləsi üçün mühüm müstəvi oldu. İnklüziv cəmiyyətlərin təşviqi BMT-nin “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi”nin əsas istiqamətlərindəndir. Bu, Forumun yekun sənədi olan “Bakı Bəyannaməsi”ndə də əksini tapdı. Sənəddə müasir dövrdə cəmiyyətlərdə artan müxtəliflik fonunda inklüziv birgəyaşayışa qarşı təhdidlərin önlənməsi və fərqli baxışların bir araya gətirilməsində Azərbaycanın rolu təqdir edildi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsinin əhəmiyyəti vurğulandı. Bəyannamə Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində rolunu, bu sahədə örnək ölkə olduğunu bir daha təsbit etdi.
İyunun 29-da Nyu-Yorkda, BMT Baş qərargahında Sivilizasiyalar Alyansı Dostlar Qrupunun VII Qlobal Forumunun nəticələrinə həsr edilmiş iclasında da bu fikir vurğulandı. İclasda Azərbaycan hökuməti adından VII Qlobal Forumun Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək mötəbər tədbirin iclas zallarında müzakirələrlə məhdudlaşmayaraq gənclər hərəkatı, mədəni mübadilə, insanların təəssüratlarının ifadəsi üçün geniş beynəlxalq platforma rolunu oynadığını diqqətə çatdırdı. Forumun 700-dən çox televiziya, qəzet və digər media orqanlarında işıqlandırılması, sosial şəbəkələrdə tədbir barədə paylaşılan 46 milyon təəssürat və 14 milyondan çox insanın bu təəssüratlara münasibət bildirməsi onun qlobal auditoriyaya necə təsir etdiyini təsdiqləyir.
İclasda Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir inklüziv cəmiyyətdə birgəyaşayış üçün Azərbaycanın təcrübəsinin əhəmiyyətini vurğuladı. BMT baş katibinin müavini Yan Eliasson isə bu təcrübəni quruma üzv ölkələrlə bölüşməyi təklif etdi.
Beləliklə, ölkəmizin ev sahibliyi etdiyi digər mötəbər tədbirlər kimi, Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da Azərbaycanın dünyaya sülh mesajı, ölkəmizdəki multikulturalizmin mütərəqqi model kimi nümayişi oldu. Bu tədbirlərin mühüm nəticələrindən biri budur.
Prezident İlham Əliyev sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında bu məqamı xüsusi vurğuladı: “Bu beynəlxalq tədbirləri keçirməkdə bir çox məqsədlər var. İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Eyni zamanda bu tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha sıx birləşdirməlidir. Multikulturalizm anlayış olaraq yeni bir ifadədir, ancaq bu, həmişə Azərbaycanda olub. Bu gün də dövlət siyasətidir. Multikulturalizmin alternativi ayrı-seçkilikdir, irqçilikdir. Biz tarixdə neçə dəfə görmüşük ki, bu meyllərin güclənməsi hansı fəlakətlərə yol açır. Ona görə bəşəriyyət multikulturalizm ideyaları ətrafında birləşməlidir. Biz öz növbəmizdə ölkəmizdə mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür”.
Bu gün Azərbaycan multikulturalizmi Portuqaliyadan İndoneziyayadək ondan çox ölkənin universitetlərində tədris edilir. Ölkələr var ki, multikulturalizmdən imtina ediblər. Bu, multikulturalizmə bədbin münasibətin nəticəsidir. Azərbaycan nümunəsi multikultural həyatın nikbin ruhunu göstərir.
“Səmimi qəlbdən arzu edirəm ki, Azərbaycan müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq yolunu davam etdirsin. Şərq ilə Qərbin arasında qapı olan bu məkan daim sülhə açıq olsun” - Papa Fransiskin 14 il öncə sələfi II İohann Pavelin dediyi sözləri 2016-cı ilin 2 oktyabrında Bakıda təkrar etməsi, sadəcə, diplomatik protokol xətrinə ifadə deyildi, reallığın etirafı idi. Papalar gəlib-gedər, dövran dəyişər, amma minilliklər üzərində kök salan mənəviyyat qatı zamana yenilməz.
Vüqar Əliyev
Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.